Dortmund “Borussiya”sının idman direktoru Sebastyan Kel UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatmasının nəticəsini şərh edib.
Arena.az xatırladır ki, Almaniya təmsilçisi bu mərhələdə Niderland klubu PSV ilə qarşılaşacaq.
“PSV cəlbedici və çətin püşkdür. Onlar öz liqalarında keçirdikləri 16 oyunun hamısında 56:6 top fərqi ilə qalib gəliblər. Hazırda PSV Niderlandda hər şeyin ölçüsüdür.
Keçmiş baş məşqçimiz Peter Boşla yenidən birləşməyi və nikbinlik və inamla dolu bu oyunlara çıxmağı səbirsizliklə gözləyirik. Bizim aydın məqsədimiz – 2020/2021-ci ildən bəri ilk dəfə 1/4 finala çıxmaqdır”, – “Borussiya”nın mətbuat xidməti Keldən sitat gətirir.
Xatırladaq ki, dekabrın 18-də UEFA-nın Nyon şəhərindəki (İsveçrə) mənzil-qərargahında Çempionlar Liqasının 2023/2024 mövsümünün 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. 1/8 final mərhələsinin ilk oyunları 2024-cü il fevralın 13-ü, 14-ü, 20-si və 21-də, cavab oyunları isə martın 5-i, 6-ı, 12-si və 13-də keçiriləcək.
2023/2024 mövsümünün UEFA Çempionlar Liqasının finalı 2024-cü il iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.


