“Borussiya”nı da Almaniya kubokunda yarimfinala buraxmadılar

Futbol üzrə Almaniya kubokunda 2022/2023 mövsümünün 1/4 final mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

“Nürnberq” doğma meydanda “Ştutqart”la qarşılaşıb. Almaniya Bundesliqasının aşkar autsayderi olan “Ştutqart” aşağı liqa təmsilçisi ilə görüşün sonlarında vurulan yeganə qol sayəsində yarımfinala yüksəlib.

Günün digər matçında isə “Leypsiq” Dortmund “Borussiya”sını qəbul edib. Bu oyunun taleyini iki cavabsız qol həll edib. Yekunda sevinən “Leypsiq” olub. Dortmund “Borussiya”sı isə mübarizəni dayandırıb.

Xatırladaq ki, daha öncə “Ayntraxt” “Union Berlin”i, “Frayburq” isə “Bayern”i mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlmişdi.

Almaniya kubokunda finala vəsiqə uğrunda hansı komandaların üz-üzə gələcəyinə aprelin 9-da atılacaq püşk nəticəsində aydınlıq gələcək.

Almaniya kuboku
1/4 final
4 aprel

Ayntraxt – Union Berlin 2:0
Qol: Kolo Muani, 11; 13.

Bayern – Frayburq 1:2
Qol: Upamekano, 19 – Hofler, 27. Holer, 90+5-pen.

5 aprel

Nürnberq – Ştutqart 0:1
Qol: Millot, 83.

Leypsiq – Borussiya (Dortmund) 2:0
Qol: Verner, 22. Kampl, 90+8.