Brendan Rocers istefaya göndərildi

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Lester Siti” komandasının baş məşqçisi Brendan Rocers istefaya göndərilib. Arena.az xəbər verir ki, Premyer Liqanın 29-cu turu çərçivəsində baş tutan “Kristal Pelas”la səfər oyunundakı 1:2 hesablı məğlubiyyət 50 yaşlı mütəxəssisin sonunu gətirib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rocerslə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Dörd ildir bu komandaya rəhbərlik edən mütəxəssisə xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Premyer Liqadakı son 6 oyunda cəmi 1 xal toplaya bilən lesterlilər baş məşqçi ilə yanaşı, onun köməkçiləri Kris Deyvis və Qlen Driskolu da komandadan kənarlaşdırıblar.

Brendan Rocers 2019-cu ilin fevral ayından “Lester Siti”yə rəhbərlik edirdi. O, bu komandanı 204 oyuna çıxarıb. Lesterlilər bu görüşlərdə 92 qələbə qazanıb, 42 heç-heçəyə razılaşıb və 70 məğlubiyyətə üzülüblər. Komanda bu mütəxəssisin rəhbərliyi altında 2021-ci ildə İngiltərə Federasiya Kubokunun qalibi olub, İngiltərə Super Kubokunu qazanıb.

Şimali İrlandiyadan olan mütəxəssis “Lester Siti”dən öncə “Uotford”, “Ridinq”, “Suonsi Siti”, “Liverpul” və “Seltik” kimi komandalara da rəhbərlik edib.

Xatırladaq ki, “Lester Siti” bu mövsüm Premyer Liqa çərçivəsində keçirdiyi 28 oyunda cəmi 7 qələbə qazanıb və 4 heç-heçə edib. Qalan 17 matçdan məğlubiyyətlə ayrılan komanda hazırda 25 xalla 20 iştirakçı arasında 19-cu pillədə qərarlaşıb. Sözügedən kollektiv hazırda yalnız “Sauthempton”u qabaqlayır. Hansı ki, bu komandaya da vaxtilə “Qarabağ” və “Neftçi”də köməkçi məşqçi kimi çalışmış Ruben Selles rəhbərlik edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: