Futbol üzrə İtaliya yığmasının sabiq qapıçısı, əfsanəvi Canluici Buffon 45 yaşında futbolçu karyerasını nəhayət ki, başa vurduğunu açıqlayıb.
Arena.az xəbər verir ki, Buffon sosial şəbəkələrdə karyerasının yaddaqalan anlarından ibarət videoçarxı əlavə edərək yazıb:
“Bu da axırı, uşaqlar! Siz mənə hər şeyi verdiniz. Mən sizə hər şeyi verdim. Biz bunu birlikdə etdik”.
Son vaxtlar əfsanəvi qapıçının artıq, yekun qərarını verdiyi və bunu tezliklə rəsmən bəyan edəcəyi gözlənilirdi. Daha əvvəl Səudiyyə Ərəbistanı klublarının Buffona maraq göstərdiyi barədə məlumat yayılmışdı. Amma italyan qapıçı karyerasını davam etdirməmək qərarına gəlib.
45 yaşlı Buffon karyerası ərzində cəmi 3 klubda – “Parma”, “Yuventus” və PSJ-də çıxış edib. Buffon futbolçu karyerasına “Parma”da başlayıb. Sabiq qapıçı “Parma” akademiyasının məzunudur. O, 1995-ci ildən 2001-ci ilə qədər “Parma”da oynayıb, Ardınca “Yuventus”a keçən Buffon 17 il “Qoca sinyora”nın şərəfini qoruyub. Daha sonra Buffonun Turin klubu ilə yolları qısa müddətə ayrılıb. İki ili PSJ-də keçirən Buffon yenidən “Yuventus”a qayıdıb. 2021-ci ildə isə o, karyerasını başladığı doğma “Parma”ya üz tutub. Burada Buffon “Parma”nı A Seriyasına çıxarmaq uğrunda xeyli zəhmətə qatlaşıb. Növbəti mövsümdə A Seriyasına çıxmaq uğrunda mübarizə aparan “Parma” son anda büdrəyərək B Seriyasında qalıb və bu məqam Buffonu çox mütəəssir edib.
Canluici Buffon peşəkar karyerası ərzində 29 kubok qazanıb. Qapıçının adı “Yuventus”la daha çox bağlıdır. Turin klubu ilə Buffon 10 dəfə İtaliya A Seriyasını, 5 dəfə İtaliya Kubokunu, 6 dəfə İtaliya Super Kubokunu qazanıb.
İtaliya yığmasının heyətində 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatında qazandığı çempionluq Buffonun karyerasının zirvə anıdır. Ancaq əfsanəvi qapıçıya UEFA Çempionlar Liqasını qazanmaq nəsib olmayıb. Buffon çox çalışsa da, qələbəyə nail olmayıb, yalnız finalçı adı ilə kifayətlənməli olub.
Klub karyerası ərzində Buffon 975 oyun keçirib, 825 qol buraxıb, 429 oyunda qapısının toxunulmazlığını təmin edib.
Buffon İtaliya yığmasının heyətində 176 oyun keçirib, 146 qol “yeyib”, 77 oyundan “quru” çıxıb.


