Canni De Byazi rəsmən açıqladı – Noyabrda millimizdən ayrılacaq

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi bu ilin sonunda yığmamızdan ayrılmağa hazırlaşır. Arena.az xəbər verir ki, italiyalı mütəxəssis bu barədə ölkəsinin mətbuatına (“Radio Crc”) açıqlamasında məlumat verib.

“Fikrimcə, müqavilə müddəti bitəndən sonra onu bir daha uzatmayacağam”, deyən 66 yaşlı mütəxəssis yığmamızdakı durumdan da söz açıb.

O, komandamızın ardıcıl beş qələbə qazanmasını qeyri-adi hadisə adlandırıb: “Mənim Azərbaycandan kənarda çıxış edən dörd oyunçum var. Anton Krivotsyuka baxmaq üçün Cənubi Koreya çempionatını izlədim. İtaliya A Seriyası üçün hazır futbolçu yoxdur. Amma düşünürəm ki, bəzi gənc futbolçular inkişaf edə bilər. Mahir Emreli yaxşı keyfiyyətlərə malikdir. Lakin onlardan yararlana bilmir”.

Millimizin çalışdırıcısı növbəti görüşdə 20 yaşlı qapıçıya (“Sabah”ın qapıçısı Yusif İmanova) şans verəcəyini söyləyib: “Çünki artıq başqa qapıçım yoxdur. Onun yaxşı bacarığı var. Məncə, bir futbolçu gənc olsa da, yaxşı keyfiyyətləri olduğunu göstərə bilirsə, ona şans vermək lazımdır”.

De Byazi İtaliya A Seriyası üçün darıxmadığını da bildirib: “Oyunları televizordan mütəmadi izləyirəm. Nə vaxtsa, hansısa klubdan dəvət alsam, təbii ki, məmnuniyyətlə qayıdaram. Amma hazırda belə bir variant yoxdur”.

Xatırladaq ki, Canni De Byazi 2020-ci ilin 30 iyunundan Azərbaycan milli komandasına rəhbərlik edir. Yığmamız onun rəhbərliyi altında 30 oyun keçirib. Komanda bu oyunlarda 7 qələbə qazanıb, 7 heç-heçə edib və 16 məğlubiyyətə üzülüb. AFFA rəhbərliyi sonuncu dəfə 2022-ci ilin oktyabr ayında onunla bir illik yeni müqavilə bağlayıb. Müqaviləyə əsasən, De Byazi AÇ-2024-ün seçmə mərhələsinin sonuna – 2023-cü ilin 30 noyabrına qədər yığmamıza rəhbərlik edəcək.

Azərbaycan milli komandası AÇ-2024-ün seçmə mərhələsində ilk oyununu martın 24-də Avstriya yığmasına qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: