Canni De Byazi: “Sabah qol imkanlarından maksimum yararlanmalıyıq”

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqası çərçivəsində Slovakiya yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, italiyalı mütəxəssis bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qazaxıstan və Belarus yığmalarına qarşı keçirdiyimiz əvvəlki iki görüşü yaxşı analiz etmişik. Həmin görüşlərdə rəqiblərdən üstün oynadıq və keyfiyyətli oyun sərgilədik. Qol vura bilmədiyimizə görə üzülürük. Futbolda bu gün baş verməyən sabah nə vaxtsa gerçəkləşəcək. Sabah qələbə üçün əlimizdən gələni edəcəyik. Slovakiyanın qrupun favoriti olduğunu əvvəlcədən bilirdik. Onların Qazaxıstana məğlubiyyəti bizim üçün gözlənilməz oldu”.

İtaliyalı mütəxəssis heyət seçimi ilə bağlı tənqid olunmasını belə şərh edib: “Bu, sizin işinizdir. Ona görə də nəsə demək istəmirəm. Hər kəs öz işini görür. Çox dərinliyə getmək istəmirəm. Amma heç kim deyə bilməz ki, son iki oyunda pis çıxış etdik. Futbolda bu gün uduzursan, hamı səni pisləyir. Ancaq bir qələbə qazanan kimi səni tərif edirlər. Statistikaya baxırıq, indi burada iki qələbə haqqında da danışa bilərdik. Futbolda hər şey baş verə bilər”.

Canni De Byazi rəqibin baş məşqçisi Ştefan Tarkoviçin Qazaxıstana məğlubiyyətdən sonra istefa verməsinə də münasibət bildirib: “Rəqib qrupumuzun ən güclüsüdür. Çox oyunçuları böyük liqalarda – İtaliyada, İngiltərədə çıxış edir. Yüksək keyfiyyətə malikdirlər. Onları analiz etmişik, futbolçularımıza da bunları izah etmişik. Ola bilsin ki, Qazaxıstanla oyundakı nəticəyə görə baş məşqçiləri dəyişilib. Həmin görüşə baxmışıq, çoxlu qol imkanları oldu, dəyərləndirə bilmədilər. Qazaxıstan 11 nəfərlə vuruşdu, sona qədər mübarizə apardı. Biz də sabah bu cür oynamalı və oyunu 11 nəfərlə tamamlamalıyıq. Lazımsız qayda pozuntuları etməməliyik”.

Baş məşqçi ilk dəfə “Dalğa Arena”da yığmanı oyuna çıxaracağını xatırladıb: “Sabah yaxşı oyun keçirməliyik. İlk iki matçla müqayisədə daha az qol imkanımız ola bilər. Amma maksimum yararlanmalıyıq. Stadion ideal vəziyyətdədir. Ümid edirəm ki, sabah yaxşı çıxış edəcəyik və qələbə qazancağıq. Baxmayaraq ki, bizi çətin oyun gözləyir”.

“Tam gücümüzlə mübarizə aparacağıq” – Emin Mahmudov

Yığmamızın yarımmüdafiəçisi Emin Mahmudov da oyunla bağlı fikirlərini bölüşüb. “Neftçi”nin kapitanı bunları söyləyib:

“Bizi çətin oyun gözləyir. Rəqib güclüdür. Tam gücümüzlə mübarizə aparacağıq. İlk iki görüşdə qələbə qazana bilməmişik. Bu dəfə yaxşı nəticə üçün çalışacağıq. Matça rahat çıxmaq ixtiyarımız yoxdur”.

Emin Mahmudov son matçlarda yığmada qol vura bilməməsi barədə danışıb: “Tam bir səbəb deyə bilmərəm. Bəzən şanssızlıq olur, bəzən qapıçı çox yaxşı qurtarış edir, bəzən dəqiqlik çatışmır və s. Bunlar qol vurmağımıza mane olur”.

Yarımmüdafiəçi sabah hər iki komandanın maksimum gücünü ortaya qoyacağını söyləyib: “Rəqin əvvəlki oyunda Qazaxıstana qalib gəlsəydi də, bizim üçün çətin olardı. Əlimizdən gələni edəcəyik ki, onları məyus edək”.

“Azərbaycanla oyunda qələbə qazanmaq istəyirik”

Slovakiya millisində baş məşqçi səlahiyyətlərini icra idən Samuel Slovak da bu gün Bakıda baş tutan mətbuat konfransında fikirlərini açıqlayıb:

“Rəqibə hörmətlə yanaşırıq. Amma biz sabahkı matçda daha çox özümüz barədə düşünməliyik. Qələbə qazanmaq istəyirik. Azərbaycan seçməsi yaxşı müdafiə olunan və topla rəftar etməyi bacaran komandadır. Onlar texniki cəhətdən də yaxşıdırlar. Bizdə isə baş məşqçi istifası olub. Bu, asan vəziyyət deyil. Amma peşəkarıq, mövcud durumu idarə etməliyik. Sabahkı oyuna köklənməli, özümüzə inanmalıyıq və qarşımıza qoyulan məqsədə doğru irəliləməliyik”.

Sabah “Dalğa Arena”da baş tutacaq Azərbaycan – Slovakiya matçına saat 20:00-da start veriləcək.