Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Slovakiyaya qarşı keçiriləcək oyundan öncə fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, İtaliyadan olan 66 yaşlı mütəxəssis bu gün Trnavada baş tutan mətbuat konfransında bunları söyləyib:
“Komandada yaxşı atmosfer var. Ümid edirəm, oyundan sonra da yaxşı olacaq. Öz oyunumuz haqda düşünməliyik. Kompakt şəkildə oynayaraq qalib gəlməliyik. Hər şey bizdən asılıdır. Ən əsası rəqibdən qorxmamlıyıq. Son dörd matçda göstərdiyimiz oyuna görə az xal toplamışıq. Sabah əldə olunacaq imkanlardan istifadə edərək daha yaxşı nəticə qazanmaq niyyətindəyik. Rəqibə necə çətinlik yaradacağımızı bilirik”.
Canni De Byazi “Qarabağ”da çıxış edən Qara Qarayevin yığmaya çağırılmamasına da münasibət bildirib. O, 30 yaşlı yarımmüdafiəçinin məsələdən xəbərdar olduğunu söyləyib: “Qara Qarayev buraya gəlməməsinin səbəbini yaxşı bilir. Ola bilər ki, bilmədiyini desin, amma bildiyinə əminəm”.
İtaliyalı baş məşqçi yığmadakı taleyi ilə bağlı da danışıb: “Düşünmürəm ki, son iki oyun yekun qərar vermək üçün həlledici olsun. Əlbəttə, yekun qərarı AFFA verəcək. Qərar nə olursa olsun, biz əvvəlkitək dost münasibətimizi davam etdirəcəyik”.
Mətbuat konfransında iştirak edən “Neftçi”nin kapitanı Emin Mahmudov da fikirlərini bölüşüb: “Baş məşqçi necə oynayacığımızı izah edib. Çalışacağıq ki, onu verdiyi tapşırıqları yerinə yetirək. Sözün həqiqi mənasında “vuruşaq” və yaxşı nəticə əldə edək”.
Sabah – sentyabrın 22-də Trnava şəhərində keçiriləcək – Slovakiya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. Azərbaycan millisi bundan 3 gün sonra isə Bakıda Qazaxıstan yığmasını qəbul edəcək.