İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı ağır atlet Tatyana Kaşirinanı 2013-2017-ci illərdə qazandığı bütün titullardan məhrum edib.
Arena.az bu barədə rəsmi mənbələrə istinadən xəbər verir.
Nəticədə Kaşirina üç dünya çempionu titulunu, üç Avropa çempionu titulunu və bir sıra digər böyük turnirlərdə qazandığı titulları itirib.
Xatırladaq ki, 2023-cü il avqustun sonunda CAS Rusiya Antidopinq Agentliyinin (RUSADA) İntizam Komitəsinin bəraət hökmünü ləğv etmişdi. Təşkilat Kaşirinanı 8 il müddətinə – 2030-cu il yanvarın 30-na qədər diskvalifikasiya edib.
Rusiyalı atlet 2012-ci ildən 2015-ci ilə qədər rusiyalı idmançıların dopinq testlərinin nəticələrini özündə əks etdirən Moskva laboratoriyasının məlumat bazasından əldə edilmiş məlumatlara əsasən, 2020-ci ilin sonunda idmandan kənarlaşdırılmışdı.
Kaşirina həm də 2012-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.


