“Mançester Siti”nin vingeri Cek Qriliş komanda yoldaşlarına və baş məşqçisi Xosep Qvardiolaya etimadlarına görə təşəkkür edib.
Arena.az Qrilişin bu barədə fikirlərini təqdim edir:
“Bu mövsüm bəzən özümlə mübarizə aparırdım və Qvardiola həmişə orada idi. Ona çox borcluyam. Qvardiola gözəl insandır, tarixin ən yaxşı çalışdırıcısıdır. Amma bəli, mənim üçün cari mövsüm çox çətindir. Xüsusən də son çıxış mənzərəsində. Mən Qvardiolaya borcluyam və ona, həmçinin komandaya olan etimadımı səmərəliliyimlə ödəmək istəyirəm. Komanda yoldaşlarımla danışmışam. Bilirəm ki, onlar mənə dəyər verir və məni vacib oyunçu hesab edirlər”, deyə Qriliş bildirib.
Qriliş Qvardiolanın komandasında istədiyi hər şeyi edə bilməsi mümkün futbolçunun adını da açıqlayıb:
“Qvardiolanın komandasında gedib istədiyini edə bilən yeganə şəxs Messi idi. Bu, haqlı olaraq belədir”, deyə Qriliş bildirib.
Xatırladaq ki, Messi və Qvardiola 2008-2012-ci illərdə “Barselona”da birlikdə çalışıblar.
Cek Qriliş “Mançester Siti”yə 2021-ci ilin avqustunda “Aston Villa”dan 117,5 milyon avro qarşılığında gəlib. 28 yaşlı futbolçu cari mövsümdə “şəhərlilər”in heyətində 30 oyuna çıxıb, 3 qol və 2 assistlə yadda qalıb. Onun “Mançester Siti” karyerası bütövlükdə 119 oyun, 14 qol və 17 məhsuldar ötürmədən ibarətdir.
Qriliş “Mançester Siti”dən öncə “Aston Villa” və “Notts Kaunti” klublarında forma geyinib. Vaxtilə İrlandiyanın U-17, U-18 və U-21 yığmalarında oynamış Qriliş, 2016-cı ildən İngiltərənin gənclərdən ibarət millisində forma geyinməyə başlayıb. 2020-ci ilin sentyabrında əsas millidə debüt etmiş futbolçu indiyə qədər İngiltərə yığmasında 35 oyuna çıxıb, 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 28 yaşlı Qrilişin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.


