“Çelsi” avrokubok yarışını özü seçə bilər – Səbəb

İngiltərə Premyer Liqasının təmsilçisi “Çelsi” növbəti mövsümdə çıxış edə biləcəyi avrokubok yarışını özü seçə bilər.

Arena.az bu barədə ESPN şəbəkəsinin avrokubokların qaydalarına istinadı əsasında məlumat verir.

Bildirilir ki, London klubu finalında çıxış edəcəyi cari mövsümün Konfrans Liqasını qazansa və İngiltərə Premyer Liqası üzərindən UEFA Çempionlar Liqasının növbəti mövsümünə vəsiqəni təmin etsə, müvafiq seçimi edə bilər.

“Zadəganlar” ya Avropa Liqasında, ya da Çempionlar Liqasında çıxış etmək imkanını seçə bilərlər.

Müvafiq qayda Konfrans Liqasını qazanmış zəif komandalara daha çox aiddir. Əgər onlar Çempionlar Liqasının təsnifat mərhələsini keçməyə əmin deyillərsə, Konfrans Liqasında qalibiyyət üzərindən vəsiqə qazandıqları Avropa Liqasının Liqa mərhələsində birbaşa çıxış imkanından yararlana bilərlər.

Xatırladaq ki, hazırda “Çelsi” 36 oyundan 63 xalla İngiltrə Premyer Liqasının 5-ci pilləsində yer alıb ki, müvafiq pillə İngiltərə çempionatı üzərindən növbəti mövsümün Çempionlar Liqasına vəsiqə verir.

Konfrans Liqasının finalında isə “Çelsi” həlledici oyunda mayın 28-də Polşanın Vrotslav şəhərinin eyni adlı şəhər stadionunda “Betis”lə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: