İngiltərənin “Çelsi” klubu İtaliya nəhəngi “Yuventus”un serb hücumçusu Duşan Vlahoviçin transferi ilə bağlı danışıqlara başlayıb.
Arena.az bu barədə jurnalist Nikolo Skiraya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “Çelsi” nümayəndələri artıq futbolçunun təmsilçiləri ilə əlaqə saxlayıblar. Artıq, serb hücumçuya müqavilə də təklif edilib. “Zadəganlar” ildə 10 milyon avro ödəməyə hazırdırlar. “Çelsi”nin uzunmüddətli müqavilə imzalamaq niyyətində olduğu vurğulanır.
Daha əvvəl “Çelsi” və “Yuventus” arasında Romelu Lukaku və Duşan Vlahoviçin başa-baş dəyişdirilməsi haqda razılıq əldə olunduğuna dair məlumat yayılmışdı.
Hazırda tərəflər futbolçularla müqavilənin şəxsi şərtlərini razılaşdırmağa çalışırlar.
Duşan Vlahoviç “Yuventus”a 2022-ci ilin yanvarında “Fiorentina”dan keçib. Serb hücumçu ötən mövsüm “zebr”lərin heyətində 42 oyuna çıxıb, 14 qol vurub, 4 məhsuldar ötürmə verib.
Vlahoviçin “Yuventus”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı 23 yaşlı Duşan Vlahoviçi 70 milyon avro məbləğində qiymətləndirir.


