İngiltərə Premyer Liqasında mübarizə aparan “Çelsi” martın 26-da ev oyunlarını keçirdiyi “Stemford Bric” stadionunda iftar yeməyi verəcək. Arena.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
“Zadəganlar” rəsmi açıqlamada müsəlmanları öz arenasında qonaq etməkdən məmnuniyyət duyacaqlarını bəyan ediblər.
“Çelsi”nin müsəlman futbolçularından Kalidu Kulibali və Uesli Fofana klubun bu qərarı ilə bağlı açıqlama da verib:
Kalidu Kulibali: “Ramazan axşamlarında hər kəs bir yerdə olmağa sevinir. İnsanlar sevinclə yemək yeyirlər, dualar edirlər. Hamı komandalar kimi bir və bərabər olurlar. Ramazan ayının ən yaxşı tərəfi də məhz budur”.
Uesli Fofana: “Ramazanda insanlar bərabər olurlar. Hətta müsəlman olmayan dostlarım da Ramazan axşamlarında bir araya gəlirlər”.
“Çelsi” bu qərarı ilə Premyer Liqa təmsilçiləri arasında stadionunda iftar yeməyi təşkil edəcək ilk klub kimi tarixə düşəcək.
Onu da qeyd edək ki, İngiltərə nəhənginin iftar üçün martın 26-sını seçməsi əbəs yerə deyil. Belə ki, həmin vaxt milli komandaların oyunları ilə bağlı çempionatda fasilə yaranacaq. Bu üzdən də “Stemford Bric” stadionu boş olacaq.
Bu il Ramazan ayı martın 22-də başlayacaq.
Xatırladaq ki, cari mövsümdə Premyer Liqada qeyri-sabit çıxışı ilə diqqət çəkən “zadəganlar” hazırda 37 xalla 20 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.


