“Çelsi” argentinalı mütəxəssis Maurisio Poçettino ilə müqaviləsinə xitam verərək, yollarını ayırdığını rəsmən bəyan edib.
Arena.az bu barədə “Çelsi”nin rəsmi saytına istinadən məlumat verir:
“Bütün “Çelsi” adından Maurisioya bu mövsümdə gördüyü işlərə görə minnətdarlığımızı bildirmək istəyirik. İstənilən vaxt onu yenidən “Stemford Bric”də görməkdən şad olarıq. Ona gələcək məşqçilik karyerasında uğurlar arzulayırıq”, – “zadəganlar”ın rəsmi bəyanatında deyilir.
“Bu futbol klubunun tarixinin bir hissəsi olmaq fürsətinə görə “Çelsi”nin sahibər dəstəsinə və idman direktorlarına təşəkkür edirəm. İndi onun Premyer Liqada və Avropada daha da irəliləmək üçün yaxşı imkanları var”, – London klubunun mətbuat xidməti Poçettinodan sitat gətirir.
Vurğulanır ki, tərəflər əməkdaşlığa xoş ruhda xitam veriblər.
Xatırladaq ki, argentinalı mütəxəssis “Çelsi”nin baş məşqçisi vəzifəsinə 2023-cü ilin yayında təyin edilmişdi. Bu müddət ərzində “Poç”un rəhbərliyi altında “zadəganlar” bütün yarışlarda 51 oyuna çıxıblar. “Çelsi” bu oyunların 27-də qalib gəlib, 10 heçə-heçə edib, 14 dəfə məğlub olub. Komandanın top fərqi isə 107:76 nisbətindədir.
Vurğulayaq ki, “Çelsi” cari mövsümdə avrokuboklarda iştirak etməyib.
“Çelsi” 2023/2024-cü illər İngiltərə Premyer Liqasını 63 xalla 6-cı pillədə başa vuraraq, növbəti mövsümdə Konfrans Liqasında iştirak hüququ qazanıb.
Çelsi həmçinin İngiltərə Liqa Kubokunun finalçısı olub və burada “Liverpul”a 0:1 hesabı ilə məğlub olub.
İngiltərə Kubokunda isə “zadəganlar” mübarizəyə yarımfinal mərhələsində, “Mançester Siti”yə 0:1 hesabı ilə məğlub olaraq xitam veriblər.


