Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Portuqaliyanın “Benfika” komandası doğma meydanda İtaliyanın “İnter” kollektivini sınağa çəkib. Qarşılaşma qonaq komanda üçün uğurlu alınıb. İtaliya təmsilçisi inamlı qələbəyə imza ataraq cavab matçı öncəsi üstünlüyü ələ keçirib.
Günün ən maraqlı görüşü isə İngiltərədə “Mançester Siti” ilə Almaniya nəhəngi “Bayern” arasında baş tutub. Bu oyunda “şəhərlilər” 3 cavabsız qola seviniblər. Cavab matçı öncəsi darmadağın böyük üstünlük olsa da, qarşılaşma səfərdə olacağından Münhendə vəziyyət dəyişə bilər.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/4 finalın digər oyunları sabah keçiriləcək. İtaliyanın iki təmsilçisi – “Milan”la “Napoli” birincilərin meydanında üz-üzə gələcəklər. Günün digər matçı isə İspaniyanın “Real” və İngiltərənin “Çelsi” komandaları arasında baş tutacaq.
1/4 final mərhələsinin cavab görüşləri isə aprelin 18-də və 19-da keçiriləcək.
UEFA Çempionlar Liqasının 2022/2023 mövsümünün final qarşılaşması Türkiyənin İstanbul şəhərində keçiriləcək. Həlledici matça iyunun 10-da Atatürk Olimpiya Stadionu ev sahibliyi edəcək. Yarımfinal görüşləri isə 9-10 və 16-17 mayda baş tutacaq.
UEFA Çempionlar Liqası
1/4 final
11 aprel
Benfika (Portuqaliya) – İnter (İtaliya) 0:2
Qol: Barella, 51. Lukaku, 82-pen.
Baş hakim: Maykl Oliver (İngiltərə).
Lissabon. “Estadio da Luz”.
Mançester Siti (İngiltərə) – Bayern (Almaniya) 3:0
Qol: Rodri, 27. B.Silva, 70. E.Haland, 77.
Baş hakim: Xesus Mansano (İspaniya).
Mançester. “Etihad” stadionu.


