Ceyhun Nuriyev “Araz-Naxçıvan”da

2025/2026-cı illər mövsümü bitən kimi “Zirə”dən ayrılmış Ceyhun Nuriyev bundan sonra “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, 25 yaşlı hücumameyilli yarımmüdafiəçi Naxçıvan klubu ilə 1 mövsümlük müqavilə bağlayıb.

Bu barədə “Araz-Naxçıvan”ın mətbuat xidməti məlumat yayıb. Xəbərdə vurğulanır ki, Nuriyev 2026/2027-ci illər mövsümünün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.

Qeyd edək ki, Ceyhun Nuriyev müxtəlif illərdə “Keşlə”, “Sabah” və “Zirə”nin, həmçinin Azərbaycanın U-17, U-19 və əsas millisinin heyətində çıxış edib. O, 2024-cü ildən çıxış etdiyi “Zirə”də 93 oyuna çıxıb, 10 qol və 9 assist müəllifi olub. Ceyhun Azərbaycan millisinin heyətində 13 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib.

“Araz-Naxçıvan” bu yay Luka Dumançiç, Rəşad Həsənov, Alberto Fernandes, Alexandro Herrera, Rövlan Muradov, Artur Auqusto Da Silva, Məhəmməd Mara, Abdallah Sudi və Mamadu Kaneni də heyətinə qatıb. Tərlan Əhmədli, Slavik Alxasov, Ömər Buludov, Ülvi İsgəndərov, İbrahim Piriyev, İssuf Paro, Mustafa Əhmədzadə və Bruno Franko ilə yeni müqavilə imzalanıb. Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos, Ba-Muaka Simakala və Ürfan Abbasov isə komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: