Futbol üzrə Meksika milli komandasının sabiq hücumçusu Xavyer Ernandes (Çiçarito) “Los Anceles Qalaksi” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, 35 yaşlı forvard MLS təmsilçisindən azad agent kimi ayrılaraq Meksikaya qayıdıb.
Bundan sonra o, futbolçu karyerasına başladığı “Qvadalaxara” (Çivas) klubunun formasını geyinəcək. Böyük ehtimalla o, karyerasını elə bu klubda da sonlandıracaq.
“Qvadalaxara” rəsmi saytı vasitəsilə Xavyerin qayıdışını elan etsə də, təcrübəli oyunçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Xatırladaq ki, Ernandes peşəkar karyerasına məhz “Qvadalaxara”da başlayıb. O, 2010-cu ildə Meksika klubundan 7,5 milyon avro qarşılığında İngiltərə nəhəngi “Mançester Yunayted”də transfer olmuşdu. Hücumçu “qırmızı şeytanlar”la yanaşı, “Real” (Madrid), “Bayer” (Leverkuzen), “Vest Hem”, “Sevilya” kimi klubların formasını geyinib. 2020-ci ilin yayında Amerika Birləşmiş Ştatlarının “Los Anceles Qalaksi” klubu 8,55 milyon avro qarşılığında onu “Sevilya”dan qoparmışdı. Həmin dövrdən bəri hücumçu MLS klubunda 83 oyuna çıxıb, 39 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.
Xavyer Ernandes 2009-2019-cu illər aralığında Meksika yığmasında da forma geyinib. Çiçarito ləqəbli forvard milli komandada 109 oyun keçirib, 52 qola imza atıb, 13 məhsuldar ötürmə ilə yadda qalıb.


