Coşqun Diniyev oynamadı, “Çorum” yenə xal itirdi

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev “Çorum”un bu gün keçirdiyi ev oyununda şans qazanmayıb.

Arena.az xəbər verir ki, azərbaycanlı futbolçunun komandası bu gün TFF 1-ci Liqanın 2024/2025-ci illər mövsümünün 32-ci turu çərçivəsində “Erokspor”la qarşılaşıb.

Coşqunun komandası doğma meydanda baş tutmuş bu qarşılaşmadan heç-heçə ilə ayrılıb – 3:3.

Diniyev bu matçın sonunadək ehtiyatda qalıb.

Xatırladaq ki, Coşqun Diniyev fevral ayında Türkiyənin digər klubu “Bandırmaspor”dan azad agent kimi ayrılaraq “Çorum”la 1,5 illik (2026-cı ilin 30 iyununadək) müqaviləyə imza atıb. “Çorum”da 7 matça çıxmış azərbaycanlı futbolçu 2 qolla yadda qalıb.

Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin yayında “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atmışdı. O, bu komandanın heyətində 20 oyun keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə 1249 dəqiqə meydanda olan futbolçu bu müddətdə 1 qırmızı vərəqə də alıb.

“Çorum” hazırda 47 xalla Birinci Liqanın yarış cədvəlində 7-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 32 oyunda 12 qələbə qazanıb, 11 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Coşqun Diniyev daha öncə ölkəmizdə “Qarabağ”, “Zirə”, “Sabah”, “İnter” (indiki “Şamaxı”) kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının da heyətində 30 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: