Coşqun Diniyev rəsmən “Araz-Naxçıvan”da!

Bu yay Türkiyənin “Çorum” klubundan ayrılandan bəri özünə yeni iş yeri axtaran yarımmüdafiəçi Coşqun Diniyev “Araz-Naxçıvan”la anlaşıb.

Arena.az xəbər verir ki, Naxçıvan təmsilçisi bu gün daha bir futbolçu ilə müqavilə imzalandığını açıqlayıb.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Diniyev cari mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. 29 yaşlı yarımmüdafiəçi ilə anlaşma 1 illikdir.

Xatırladaq ki, Coşqun Diniyev bu ilin fevral ayında Türkiyənin digər klubu “Bandırmaspor”dan azad agent kimi ayrılaraq “Çorum”la 1,5 illik (2026-cı ilin 30 iyununadək) müqaviləyə imza atmışdı. “Çorum”da 12 matça çıxmış azərbaycanlı futbolçu 2 qolla yadda qalıb. Lakin bu yay Türkiyə klubu yarımmüdafiəçi ilə müqaviləsinə xitam verildiyini açıqlamışdı.

Diniyev daha öncə Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da da forma geyinib.

Coşqun Diniyev əvvəllər ölkəmizdə “Qarabağ”, “Zirə”, “Sabah”, “İnter” (indiki “Şamaxı”) kimi klublarda da çıxış edib. O, Azərbaycan milli komandasının heyətində 30 oyun keçirib.

“Araz-Naxçıvan” bu yay Bar Kohen, Ba-Muaka Simakala, Bruno Franko, Çarlz Boli, Patrik Andrade, Hamidu Keyta və Rahil Məmmədovu da heyətinə qatmışdı. Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias, Miço Kuzmanoviç, İqor Ribeyro və Vüsal Şabanov isə komandanı tərk ediblər. Kristian Avram, İssuf Paro, Tərlan Əhmədli, Ömər Buludov, Ürfan Abbasov, Ülvü İsgəndərov, Bəxtiyar Həsənalızadə, Slavik Alxasov, Qara Qarayev, Vanderson Melo, Nuno Rodrigues, Ramon Maçado, Elçin Mustafayev və Turan Vəlizadə ilə də yeni müqavilə imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: