Ötən gün “Səbail”lə müqavilə bağlayan Coşqun Diniyev növbəti mövsümdə bu komandada yox, Türkiyədə forma geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 1 illik müqaviləyə cəmi 2 gün sonra xitam verilib.
Buna Coşqunun Türkiyənin “Ümraniyəspor” klubundan aldığı təklif səbəb olub. Əvvəlcədən nəzərdə tutulmuş razılığa əsasən klub xaricdən təklif almış Diniyevin Türkiyə klubuna getməsinə şərait yaradıb:
“Növbəti mövsümün hazırlığını davam etdirən “Səbail” Futbol Klubu heyətinin komplektləşdirilməsi məqsədilə yarımmüdafiəçi Coşqun Diniyevlə 1 illik müddəti əhatə edən müqavilə imzalamış və iyunun 21-də bununla bağlı ictimaiyyətə məlumat verilmişdi. Bu gün isə Coşqun Diniyevin Türkiyənin “Ümraniyəspor” klubu tərəfindən transfer olunması istəyi barədə məlumat aldıq. Azərbaycanlı futbolçuların legioner həyatı yaşamasına mane olmamaq üçün “Səbail” FK olaraq Diniyevin qardaş ölkə klubuna transferinə müsbət yanaşırıq. Futbolçunun müqaviləsində də xarici ölkə təmsilçisindən təklif alacağı təqdirdə klubumuzdan hər hansı şərtlər olmadan ayrıla biləcəyi barədə müvafiq bəndin olduğunu bildiririk.
“Səbail” FK Coşqun Diniyevə “Ümraniyəspor”da uğurlar arzu edir!”
Xatırladaq ki, Coşqun Diniyev 2021-ci ilin avqust ayından “Zirə”də forma geyinirdi. O, “qartallar”ın heyətində meydana çıxdığı 65 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. 27 yaşlı futbolçu sözügedən klubdan bu ay azad agent kimi ayrılmışdı. Həmin dövrdən bəri Coşqunun karyerasını Türkiyədə davam etdirəcəyi barədə xəbərlər dolaşsa da, o, 2 gün əvvəl “Səbail”lə müqavilə bağlamışdı. Görünür buna Türkiyə klubunun vaxtında konkret addımlar atmaması səbəb olub. Lakin onun “Səbail”lə müqavilə bağlaması “Ümraniyəspor”un yenidən fəaliyyətə keçməsini şərtləndirib.
“Ümraniyəspor” ötən mövsümü Super Liqada keçirib. Lakin komanda mövsümün yekunlarına əsasən elitanı tərk edib və qarşıdakı mövsümdə TFF 1-ci Liqada mübarizə aparacaq. Heyətində köklü dəyişikliklər olan komandanın baş məşqçisi Mustafa Erdir.
Diniyev daha öncə “Qarabağ” (100 oyun, 3 qol, 2 assist), “Sabah” (54 oyun, 2 qol, 1 assist) və “Şamaxı”da (34 oyun, 2 qol) forma geyinib. Yarımmüdafiəçi Azərbaycan yığmasında da 14 oyun keçirib.


