Cud Bellingem Kristiano Ronaldonun rekordunu qıra bilmədi

Madrid “Real”ının ingilis yarımmüdafiəçisi Cud Bellingem İspaniya nəhəngində yeni rekorda imza atmaq şansını əldən verib.

Arena.az xəbər verir ki, İspaniya çempionatının 5-ci turu çərçivəsində “Real” doğma meydanda “Real Sosyedad”ı 2:1 hesabı ilə məğlub edib.

İngilis futbolçu “Real”ın heyətində İspaniya çempionatının ilk dörd oyununda qolları sıralamağı bacarsa da, “Real Sosyedad”la oyunda buna nail ola bilməyib. Belə ki, madridlilər bu dəfə Federiko Valverde və Xoselunun vurduğu qollar sayəsində qələbə qazanıblar.

Nəticədə Bellingem “qaymaqlılar”ın heyətində keçirdiyi ilk oyunlarda qol sayına görə “Real”ın sabiq superulduzu, portuqal hücumçu Kristiano Ronaldonun nailiyyətini geridə qoya bilməyib.

Yalnız 2009-cu ildə Ronaldo və 1960-cı ildə Pepilyo “Kral Klubu”nun heyətində müvafiq nailiyyətə imza ata bilib.

Xatırladaq ki, Cud Bellingem “Real”a iyunun əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib və üstəlik almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər. Bellingem “Real”la müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.

Yenicə başlamış cari mövsümdə Bellingem “Real”ın heyətində 5 oyuna çıxıb, 5 qol vurub, 1 məhsuldar ötürmə verib.

Gənc yaşına rəğmən, Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasında 26 oyun keçirib, 2 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 20 yaşlı Cud Bellingemi 120 milyon avro məbləğində qiymətləndirir.

5 turdan sonra “Real” mütləq nəticə – 15 xal toplayıb və La Liqanın vahid lideridir.

“Real Sosyedad” isə 1 qələbə, 3 heç-heçə, 1 məğlubiyyətdən sonra 6 xalla turnir cədvəlinin 11-ci sırasında qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: