Dambrauskas: “Belə halları görməkdən məmnun deyiləm”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Premyer Liqanın 2-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Şamaxı şəhərində baş tutmuş səfər matçından 2:1 hesablı qələbə ilə ayrılıb.

Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sabah” ailəsini, uzaq səfərə gələn azarkeşləri təbrik edirəm. 4 ilə yaxındır ki, Şamaxı səfərində qalib gələ bilmirdik. Mənim üçün çox xoş oldu. Meydanda görmək istədiklərimizin hamısını gördük. “Şamaxı” çox çətin rəqibdir. Bura gələn komandalar meydanda yüz faizini verməsələr, qarşılarında inadkar “Şamaxı” görəcəklər. Rəqib yaxşı təşkilatlanmış və intizamlı komandadır. Onlar yaxşı müdafiə olunurlar. Oyuna çox yaxşı başladıq. Bu qolu həftə ərzində çox işləmişdik. Topa nəzarət bizdə idi. İkinci hissədə rəqibin müdafiəsində boşluqlar tapmaq çətin idi. Havanın da təsiri ola bilər. Rəqib möhtəşəm zərbə ilə hesabı bərabərləşdirdi. Bu qoldan sonra oyunçularımın reaksiyası xoşuma gəldi. Hiss edirdik ki, böyük səhvlər etməsək, buradan qələbə ilə qayıda bilərik. Artıq növbəti oyuna köklənməliyik. Sabah məşqimiz var. Bütün komandalar mövsümə pozitiv hisslərlə başlayıblar. Səfərdə qazanılan 3 xal bizi sevindirir”.

Dambrauskas Azərbaycan Premyer Liqasındakı ilk oyunu ilə bağlı təəssüratlarını da bölüşüb:

“Həmişə avrokubok oyunlarından sonra çempionata köklənmək çətin olur. Belə hallarda nizam-intizam çox önəmlidir. Avropada 6 oyun keçirmişik. Artıq oyun ritminə alışmışıq. Hələ ki, Azərbaycan futbolu barədə ekspert deyiləm. Televizorda oyunlara baxmışam. İki turdan sonra məndə belə qənaət yaranıb ki, favorit komanda yoxdur. “Qarabağ”, “Neftçi” kimi komandaların rəqibləri onlara qarşı yaxşı mübarizə aparırlar. Hər komandanın özünün spesifik oyun planı var. Düşünürəm ki, hamımız birlikdə böyüməliyik. İnfrastrukturu yaxşılaşdırmaq, keyfiyyətli oyunçular cəlb etməklə bir yerdə inkişaf etməliyik”.

Dambrauskas matç zamanı Coy-Lens Mikelslə İqor Noqeyra arasında yaranmış mübahisəyə də münasibət bildirib:

“Əlbəttə, belə halları görməkdən məmnun deyiləm. Onların mübahisəsinin səbəbi daha yaxşı oynamaq istəməkləridir. Artıq hər şey bitib. Onlar oyundan sonra bir-biri ilə qucaqlaşdılar. Bu mövzu bağlanıb”, deyə Dambrauskas bildirib.

“Ən azı 1 xala layiq idik” – Ayxan Abbasov

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Çətin oyun olacağını bilirdik. “Sabah” avrokuboklarda yaxşı oyunlar keçirmişdi. Bizdən daha yaxşı formadadırlar. İkinci rəsmi oyunumuz idi. Matça pis başladıq. İlk 10-15 dəqiqəni çıxsaq, oyunu bərabərləşdirə bildik. Epizodlar oldu, dəyərləndirə bilərdik. Bərabərlik qolundan sonra bizim yaxşı fürsətimiz oldu. Amma istifadə edə bilmədik. Əvəzində rəqib standart vəziyyətdən fərqləndi. Futbolçuların “Sabah”a qarşı belə inamlı oynamasını istəyirdik. Məncə, pis alınmadı. İstəyərdik ki, bu gün ən azı 1 xal qazanaq. Buna layiq idik. Çempionat uzun marafondur. Bu gün oyuna 2 itki ilə çıxmışdıq. Bunun təsiri oldu. Növbəti turda ağır “Sumqayıt” səfərinə gedəcəyik. Vaxt da azdır. Həmin matça tam köklənməliyik”.

Ayxan Abbasov Edqar Ədilxanovun əvvəlki performansını göstərə bilməmsinə də toxunub:

“Edqar ötən oyunda əsas heyətdə olmadığı üçün çox suallar olmuşdu. Həmişə deyirəm, bu oyunçuların keçid dövrü var. Edqar hərtərəfli basqıya hazır olmalıdır. Beynəlxalq oyunlara çıxmalıdırlar. Qarşıda U-21 millisinin oyunları gəlir. Ondan sonra daha möhkəm ola bilər. Bəli, Edqardan tam razı deyildik. Bu gün nəsə etmək istədi. İnşallah, formaya düşəcək. Özü ilə fərdi söhbət edirəm. Cavanlara dəstək lazımdır”.

Xəbəri sosial şəbəkələrdə paylaş: