“Fiorentina”nın idman direktoru Daniel Prade yarımmüdafiəçi Sofyan Amrabatın “bənövşələr”in düşərgəsindəki gələcəyindən danışıb.
Arena.az xatırladır ki, mərakeşli yarımmüdafiəçi ötən mövsümü icarə əsasında “Mançester Yunayted”də keçirib.
Onun transfer hüquqları “Fiorentina”ya məxsusdur:
“Düşünürəm ki, Sofyan Amrabat Premyer Liqada qalmaq istəyir, amma “Mançester Yunayted” bizə hələ heç nə deməyib. Amrabatın “Fiorentina”da qalmasını istərdim, amma onun başqa planları olduğunu düşünürəm”, deyə Daniel Prade bildirib.
Xatırladaq ki, “Mançester Yunayted” Sofyan Amrabatı 2023-cü ilin yayında İtaliyanın “Fiorentina” klubundan satınalma şərti ilə bir mövsümlük icarəyə götürmüşdü. 27 yaşlı futbolçu İngiltərə nəhənginin heyətində 30 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət mərkəzinə düşməyib.
2014-cü ildə Utrext akademiyasını bitirdikdən sonra Amrabat 2014/2015 mövsümündə Erediviziyada 4 oyun keçirib və sonra Ten Haqın baş məşqçi vəzifəsinə gəlişindən sonra o, əsas komandanın oyunçusuna çevrilib. Amrabat “Utrext”dən “Feyenoord”a, oradan isə “Brügge”yə keçib. Ardınca o, İtaliyaya – “Verona”ya icarəyə yollanıb, buradan isə 2020-ci ilin yanvarında 19,5 milyon avro qarşılığında “Fiorentina”ya keçib.
2022/2023 mövsümündə Amrabat “Fiorentina”nın heyətində 49 oyun keçirib, 1 məhsuldar ötürmə verib. Ümumilikdə Amrabat Florensiya komandasında 107 oyun keçirib, 1 qol və eyni sayda məhsuldar ötürmə verib.
Amrabatın İtaliya klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin 30 iyununa qədərdir.
Sofyan Amrabat 2017-ci ilin mart ayında debüt etdiyi Mərakeş yığmasının heyətində 56 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib. O, komandasının fəxri 4-cü yeri tutduğu 2022-ci ildə keçirilmiş Qətər mündialında iştirak edib.
“Transfermarkt” internet-portalı 27 yaşlı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.


