DÇ-2023: Azərbaycan millisi Qazaxıstana qarşı

Minifutbol üzrə Azərbaycan millisi bu gün Birləşmiş Ərəb Əmirliklərində təşkil olunmuş dünya çempionatında (DÇ-2023) növbəti oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu millimiz yarımfinal mərhələsi çərçivəsində Qazaxıstan yığması ilə üz-üzə gələcək.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:30-da start veriləcək. Komandamız qələbə seriyasını bu oyunda da davam etdirməklə finala vəsiqə qazanmağa çalışacaq.

Xatırladaq ki, Azərbaycan millisi qrup mərhələsindəki oyunlarından maksimum nəticə ilə ayrılıb. Futbolçularımız İraqa 2:0, Misirə 4:1, Küveytə isə 3:1 hesabıyla qalib gəliblər. 1/8 finalda Portuqaliya yığması ilə qarşılaşan millimiz bu rəqibini də 3:0 hesabıyla məğlub edib. Ötən gün baş tutan Bolqarıstanla 1/4 final görüşü isə 3:1 hesabıyla millimizin xeyrinə yekunlaşıb.

Qazaxıstan yığması isə qrup mərhələsində Qana (7:0), Hindistan (16:0) və Birləşmiş Ərəb Əmirlikləri (2:1) milli komandalarına qalib gəlib. 1/8 finalda Meksikanı (0:0, penaltilər 2:1) çətinliklə yolundan kənarlaşdırmış qazaxlar 1/4 finalda da Çexiya ilə dueldən qalib ayrılıblar. Millimizin rəqibi əsas vaxtı 3:3 hesabıyla bitən bu matçda da penaltilərlə sevinib – 3:2.

Dünya çempionatının finalına digər vəsiqə uğrunda Rumıniya və Macarıstan yığmaları mübarizə aparacaqlar. Bu komandaların yarımfinal görüşü bu gün Bakı vaxtı ilə 19:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi sonuncu Avropa çempionudur. Millimiz ilk dəfə qatıldığı dünya çempionatında da baş mükafata əsas namizədlərdən biri hesab olunur.

DÇ-2023
Yarımfinal
3 noyabr

20:30. Azərbaycan – Qazaxıstan
BƏƏ. Ras Əl-Xayma şəhəri.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: