DÇ-2023: Millimiz 1/4 finalda Bolqarıstanla üz-üzə

Minifutbol üzrə Azərbaycan millisi bu gün Birləşmiş Ərəb Əmirliklərində təşkil olunmuş dünya çempionatında (DÇ-2023) növbəti oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu millimiz 1/4 final mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə üz-üzə gələcək.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Komandamız qələbə seriyasını bu oyunda da davam etdirməklə yarımfinala vəsiqə qazanmağa çalışacaq.

Xatırladaq ki, Azərbaycan millisi qrup mərhələsindəki oyunlarından maksimum nəticə ilə ayrılıb. Futbolçularımız İraqa 2:0, Misirə 4:1, Küveytə isə 3:1 hesabıyla qalib gəliblər. 1/8 finalda Portuqaliya yığması ilə qarşılaşan millimiz bu rəqibini də 3:0 hesabıyla məğlub edib.

Bolqarıstan yığması isə 1/8 finalda İngiltərə millisindən güclü olub – 2:1. Bu komanda qrup mərhələsində də Monteneqro (3:0), Yaponiya (3:0) və Omana (9:0) qalib gəlib.

DÇ-2023
1/4 final
2 noyabr

21:00. Azərbaycan – Bolqarıstan
BƏƏ. Ras Əl-Xayma şəhəri.

Xəbəri sosial şəbəkələrdə paylaş: