DÇ-2023: Millimiz bolqarlara da qalib gəlib, yarımfinala yüksəldi!

Minifutbol üzrə Azərbaycan millisi bu gün Birləşmiş Ərəb Əmirliklərində təşkil olunmuş dünya çempionatında (DÇ-2023) növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu millimiz 1/4 final mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə üz-üzə gəlib.

Komandamız qələbə seriyasını bu oyunda da davam etdirməklə yarımfinala vəsiqə qazanmağı hədəfləmişdi.

Xatırladaq ki, Azərbaycan millisi qrup mərhələsindəki oyunlarından maksimum nəticə ilə ayrılmışdı. Futbolçularımız İraqa 2:0, Misirə 4:1, Küveytə isə 3:1 hesabıyla qalib gəlmişdilər. 1/8 finalda Portuqaliya yığması ilə qarşılaşan millimiz bu rəqibini də 3:0 hesabıyla məğlub etmişdi.

Bolqarıstan yığması isə 1/8 finalda İngiltərə millisindən güclü olmuşdu – 2:1. Bu komanda qrup mərhələsində də Monteneqro (3:0), Yaponiya (3:0) və Omana (9:0) qalib gəlmişdi.

Amma yığmamız bu rəqibini də yolundan kənarlaşdırmağı bacarıb. Azərbaycan yığması bu dəfə də qələbəni 3 qolla təmin edib. Komandamızın heyətində 28-ci dəqiqədə Vüsal İsayev, 32-ci dəqiqədə Rəvan Kərimov, 36-cı dəqiqədə isə Mirmehdi Rzayev fərqləniblər.

Millimiz sabah finala vəsiqə uğrunda Qazaxıstan seçməsi ilə üz-üzə gələcək.

DÇ-2023
1/4 final
2 noyabr

Azərbaycan – Bolqarıstan 3:1
BƏƏ. Ras Əl-Xayma şəhəri.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: