DÇ-2026-nın açılış oyununda yeni dünya rekordu!

ABŞ, Meksika və Kanadada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatının (DÇ-2026) açılış matçı rekord göstərici ilə yadda qalıb.

Arena.az xəbər verir ki, ilk dəfə bir mundialın açılış oyununda baş hakim futbolçulara 3 qırmızı vərəqə göstərib.

Rekord göstərici Meksika – CAR qarşılaşmasına təsadüf edib. Qarşılaşmada ilk qırmızı vərəqə 49-cu dəqiqədə göstərilib. CAR millisinin futbolçusu Sfifelo Sithole rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə meydandan kənarlaşdırılıb.

84-cü dəqiqədə VAR sisteminin müdaxiləsindən sonra braziliyalı hakim Vilton Sampayo kobud oyuna görə Tembe Zvaneyə qırmızı vərəqə göstərib. Bununla da Afrika təmsilçisi oyunu 9 nəfərlə davam etdirməli olub.

90+2-ci dəqiqədə isə növbəti qırmızı vərəqə qeydə alınıb. Meksika millisinin müdafiəçisi Sezar Montes rəqibin aşkar qol imkanından məhrum etdiyinə görə meydandan qovulub.

Beləliklə, dünya çempionatlarının açılış oyunlarında göstərilən qırmızı vərəqələrin sayı üzrə yeni rekord müəyyənləşib. Əvvəlki rekord 1990-cı ildə Argentina və Kamerun yığmaları arasında keçirilmiş açılış matçında qeydə alınmışdı. Həmin görüşdə Kamerun millisinin iki futbolçusu qırmızı vərəqə almışdı.

Xatırladaq ki, DÇ-2026-nın açılış matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: