Bu gün 2028-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının (DÇ-2028) Avropa zonası üzrə əsas mərhələsinin püşkü atılacaq.
Arena.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da start götürəcək tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşəcək.
Püşk ərəfəsində 36 komanda hər birində 12 milli olmaqla 3 səbətə bölünüb. Püşkdən sonra hər qrupda 3 komanda yer alacaq və onlar ev-səfər prinsipi ilə qarşılaşacaqlar. 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 “ikinci” elit raunda birbaşa vəsiqə əldə edəcək. Qalan 8 qrup ikincisi pley-off oyununda iştirak edəcək və qalib gələn 4 milli elit raunda vəsiqə qazanacaq. Millimiz 2-ci səbətdə yer alıb. Bu mərhələdə komandamızın rəqibləri arasında Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya yığmaları olmayacaq. UEFA İcraiyyə Komitəsinin qərarı ilə 1-ci səbətdə yer alan komandalardan isə Ermənistan yığması komandamızla rəqib ola bilməz. Rusiya yığması ilə bağlı cəza saksiyası isə davam edir.
1-ci səbət: Portuqaliya, İspaniya, Qazaxıstan, Ukrayna, Fransa, Xorvatiya, İtaliya, Ermənistan, Sloveniya, Çexiya, Polşa, Niderland
2-ci səbət: Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya, Azərbaycan
3-cü səbət: Latviya, İsveç, Şimali Makedoniya, Kosova, Andorra, Monteneqro, Norveç, Litva, Danimarka, Albaniya, Estoniya, Şimali İrlandiya.
Qeyd edək ki, futzal üzrə dünya çempionatının (DÇ-2028) əsas seçmə mərhələsinin qrup oyunları aşağıdakı tarixlərdə keçiriləcək:
12-21 oktyabr 2026
2-11 noyabr 2026
6-9 dekabr 2026
22 fevral – 3 mart 2027


