Futbol üzrə İngiltərə yığmasının yarımmüdafiəçisi Deklan Rays Londonun “Arsenal” klubuna keçidi haqda danışıb.
Arena.az bu barədə “topçular”ın mətbuat xidmətinə istinadən məlumat verir:
“İlk növbədə, dəstək üçün bütün “Arsenal” azarkeşlərinə sadəcə böyük təşəkkür etmək istəyirəm. Bu gün klubdakı ilk günümdür, mən isə özümü evdə hiss edirəm.
Mən son iki mövsümdə “Arsenal”ı, onların hərəkət etdiyi tərəqqi istiqamətini izləmişəm. İnişil onlar beşinci oldular, ancaq siz Artetanın hansı oyun tərzini tətbiq etdiyini görə bilərdiniz. Ötən mövsüm möhtəşəm idi. “Arsenal” “Mançester Siti” istisna olmaqla, bütün komandaların öhdəsindən gəldi.
Mikel və onun iş tərzi, klubdakı enerji və “Arsenal”ı aid olduğu yerə qaytarmaq tapşırığı – bütün bunlar mənim üçün böyük əhəmiyyət kəsb edir. Bilirəm ki, hamımız qələbə qazanmaq niyyətindəyik. Mən bura böyük uğurlara nail olmaq və ən yaxşı illərimi bu böyük klubda keçirmək yanğısı ilə gəlmişəm”, – deyə Rays bildirib.
Xatırladaq ki, 24 yaşlı Deklan Rays “Çelsi”nin yetirməsi olsa da, 14 yaşından “Vest Hem”də çıxış edib. Ümumilikdə Rays “Vest Hem”in heyətində 245 oyuna çıxıb, 15 qol vurub, 13 məhsuldar ötürmə verib, “çəkicdöyənlər”lə Konfrans Liqasının qalibi olub.
Daha əvvəl “Arsenal”ın Deklan Rays üçün “Vest Hem”ə bonuslar nəzərə alınmaqla təxminən 122 milyon avro ödəyəcəyi bildirilmişdi. Bu məbləğ Böyük Britaniya futbol bazarında mütləq rekorddur.


