Demba Ba karyerasını başa vurdu

Futbol üzrə Seneqal millisinin sabiq hücumçusu Demba Ba karyerasını başa vurub. Arena.az xəbər verir ki, bu barədə 36 yaşlı sabiq futbolçu sosial şəbəkə hesabında yazıb.

Demba Ba son olaraq İsveçrənin “Luqano” klubunda forma geyinib. O, iyunun əvvəlində bu klubla 1 illik müqavilə bağlasa da, cəmi bir ay sonra gözlənilməz qərar qəbul edərək İsveçrə təmsilçisindən ayrılmışdı. Cari mövsümdə cəmi 3 rəsmi matça çıxan təcrübəli futbolçu, klubla müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam vermişdi.

Qeyd edək ki, Demba Ba “Luqano”dan əvvəl Türkiyənin “Başakşəhər” klubunda çıxış edirdi. O, 2019-cu ilin yanvarından İstanbul təmsilçisindəydi.

Seneqal millisinin sabiq forvardı “Şanxay Şenxua” (Çin), “Göztəpə”, “Beşiktaş” (hər ikisi Türkiyə), “Çelsi”, “Nyukasl”, “Vest Hem” (hər üçü İngiltərə), “Hoffenhaym” (Almaniya), “Muskron” (Belçika) və “Ruan” (Fransa) klublarının da uğurları üçün çalışıb.