Den Eşuort: “Erik ten Haq bu klub üçün ən yaxşı tərəfdaşdır”

“Mançester Yunayted”in idman direktoru Den Eşuort “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqla müqavilənin yenilənməsini şərh edib.

Arena.az xatırladır ki, daha əvvəl, İngiltərə nəhəngi niderlandlı çalışdırıcı ilə müqaviləsinin müddətini daha 2 mövsüm müddətinə uzadıb.

“Ötən mövsümün təhlili göstərdi ki, bizim təkmilləşmək üçün əsaslarımız var. Amma təhlil həm də aydın nəticəyə gətirib çıxardı ki, Erik “Mançester Yunayted” üçün nəticələri yaxşılaşdırmaq baxımından ən yaxşı tərəfdaşdır.

Bu oyunçular və məşqçilər heyəti artıq göstərib ki, onlar ən yüksək səviyyədə rəqabət aparmağa və qalib gəlməyə qadirdirlər. İndi biz bunu daha sabit surətdə etməliyik.

Heyətimizə bir sıra yeni əlavələrlə biz klub üçün ortaq iddialarımızı həyata keçirmək məqsədilə Eriklə əl-ələ verib işləməyi səbirsizliklə gözləyirik”, deyə ingilis mütəxəssis açıqlayıb.

Xatıladaq ki, geridə qalmış 2023/2024-cü illər mövsümünün əksər yarışlarında Ten Haq uğursuzluğa düçar olub. “Mançester Yunayted” UEFA Çempinlar Liqasını qrup sonuncusu olaraq tərk edib, İngiltərə Liqa Kubokunu əldən verib. Premyer Liqada isə 38 oyundan 60 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıblar ki, bu da klub tarixinin ən uğursuz nəticəsi olmaqla yanaşı, heç avrokuboklara da vəsiqə verməyib.

Əvəzində, niderlandlı mütəxəssis özünün “qırmızı şeytanlar”ı ilə birlikdə qarşısına qazanmağı məqsəd qoyduğu İngiltərə Kubokunda qalibiyyətə nail olub. Bu zəfər isə “Mançester Yunayted”ə növbəti, 2024/2025-ci illər mövsümündə Avropa Liqasında iştirak hüququ verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: