“Qalatasaray”ın baş məşqçisi Domenek Torren istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.
İstanbul təmsilçisi ispaniyalı mütəxəssislə müqaviləyə xitam verib. 60 yaşlı baş məşqçi ilə yanaşı, onun köməkçiləri də istefaya göndərilib. Türkiyə mətbuatının iddiasına görə, Torren postundan ayrılmaq istəmədiyi üçün, klub rəhbərliyi ona təzminat ödəməli olacaq.
Xatırladaq ki, Domenek Torren bu ilin yanvar ayında “Qalatasaray”ın baş məşqçisi təyin olunmuşdu. Onun klubla 2023-cü ilin yayınadək müqaviləsi var idi. Komanda bu mütəxəssisin rəhbərliyi altında cəmi 20 matça çıxıb. Bu oyunlarda 7 qələbə qazanan “Qalatasaray”, 5 heç-heçəyə nail olub, 8 oyunda isə məğlub olub.
“Qalatasaray”ı bundan sonra Okan Burukun çalışdıracağına dair iddialar var.
Torren “Qalatasaray”dan öncə son olaraq 2020-ci ildə Braziliyanın “Flamenqo” komandasına rəhbərlik etmişdi. Ondan öncə isə o, ABŞ-ın “Nyu York Siti” klubunda baş məşqçi kimi çalışıb. “Barselona”, “Bayern” və “Mançester Siti” kimi klublarda Xosep Qvardiolanın köməkçisi olmuş Torren, əvvəllər İspaniyada aşağı liqa klublarında da baş məşqçi işləyib.


