Duqlas Luis “Yuventus”u “Nottingem Forest”ə dəyişdi

Braziliya millisinin və “Yuventus”un yarımmüdafiəçisi Duqlas Luis bundan sonra “Nottingem Forest”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

Premyer Liqa təmsilçisi Duqlası mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. İngiltərə klubu bir mövsümlük icarə üçün “Yuventus”a 3 milyon avro ödəyib. Futbolçunun transfer hüquqlarının alınması üçün isə turinlilərə daha 25 milyon avro ödəmək lazım gələcək.

Xatırladaq ki, Duqlas Luis 2024-cü ilin yayında “Aston Villa”dan 51,5 milyon avro müqabilində “Yuventus”a keçmişdi. 27 yaşlı futbolçunun İtaliya klubu ilə 2029-cu ilin 30 iyununa qədər müqaviləsi mövcuddur.

Braziliyalı futbolçu “Yuventus”un heyətində 27 oyuna çıxsa da, fərqlənə bilməyib.

Duqlas Luis daha öncə “Aston Villa”, “Jirona” və “Vasko da Qama”da da oynayıb.

Luis 2019-cu ilin noyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 18 oyuna çıxıb. Yarımmüdafiəçi millidə də məhsuldar göstərici ilə yadda qalmayıb.

“Transfermarkt” internet-portalı 27 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: