Ederson Moraes 2023-cü ildə dünyanın ən yaxşı qapıçısıdır

İngiltərə çempionu “Mançeter Siti”nin və Braziliya yığmasının qapıçısı Ederson Moraes 2023-cü ilin ən yaxşı qapıçısı seçilib.

Arena.az məlumat verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ildə “Dünyanın ən yaxşı qapıçısı” mükafatının qalibini açıqlayıb.

2023-cü ildə kişi futbolçular arasında “Dünyanın ən yaxşı qapıçısı” (Men’s World Best Goalkeeper) mükafatına məhz braziliyalı qolkiper layiq görülüb.

Ederson, Braziliya millisinin əsas qapıçısı, 2019-cu ildə “Dünyanın ən yaxşı qapıçısı” mükafatını qazanmış Alisson Bekkerdən sonra 2023-cü ildə müvafiq mükafata layiq görülməklə, bu qənimətə sahib olmuş ikinci braziliyalı qapıçı olub.

Moraes qalibin müəyyənləşdirilməsi zamanı Argentina yığmasının qapıçısı Emiliano Martines başda olmaqla, digər rəqiblərini çox nəhəng fərqlə üstələyib.

Ederson “San-Paulu”nin yetirməsidir. Avropada “Benfika”nın heyətində diqqət çəkən braziliyalı qapıçını “şəhərlilər” 2017-ci ilin iyulunda 40 milyon avro müqabilində transfer ediblər. Edersonun “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ederson “Siti”nin heyətində bütün yarışlarda 23 oyuna çıxıb, 23 qol “yeyib”, 7 oyundan “quru” qurtulub. Braziliyalı qapıçının “şəhərlilər”in heyətində ümumi statistikası isə belə mənzərə yaradır: 312 oyun, 246 buraxılmış qol, 146 təmiz oyun.

Ederson “Mançester Siti” ilə bütün mümkün klub turnirlərində qələbə qazanıb. Braziliyalı qapıçı “şəhərlilər”lə İngiltə Premyer Liqasının 5 qat, İngiltərə Kubikunun 2 qat, İngiltərə Liqa Kubokunun 4 qat, İngiltərə Super Kubokunun 2 qat, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub. Edersonun həmçinin “Benfika” ilə 2 qat Portuqaliya çempionluğu, Portuqaliya Kubokunda, Portuqaliya Liqa Kubokunda, Portuqaliya Super Kubokunda qalibiyyətləri var.

Ederson Moraes 2017-ci ilin oktyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 25 oyuna 18 qol buraxıb, 12 təmiz oyun keçirib. Məsələ burasındadır ki, Ederson “selesao”nun heyətində “Liverpul”un qapıçsı Alisson Bekerin əvezedici rolunda çıxış edib. Buna rəğmən, Ederson Braziliya millisi ilə 2019 Amerika Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı braziliyalı qapıçı Edersonun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: