Emre Bilgin “Beşiktaş”ı bu kluba dəyişdi

Türkiyənin “Beşiktaş” klubunun gənc qapıçısı Emre Bilgin Super Liqanın digər təmsilçisi “Fatih Karagümrük” klubuna keçib.

Arena.az xəbər verir ki, 19 yaşlı qolkiper 2023/2024 mövsümünün sonuna kimi icarəyə verilib.

“Beşiktaş”ın öz yetirməsi olan Emre Bilgin İstanbul təmsilçisinin əsas komandasında da 5 oyun keçirib. O, həmin oyunlarda 5 qol buraxıb, bir matçda isə qapısını toxunulmaz saxlayıb. İstedadlı qapıçı Türkiyənin U-21 millisinin də şərəfini qoruyur.

“Fatih Karagümrük” Avstriyanın “Austriya” (Vyana) klubunda forma geyinən Can Keleşi də icarəyə götürüb. Avstriyada dünyaya göz açmış, bu ölkənin vətəndaşlığını daşıyan 21 yaşlı türkəsilli yarımmüdafiəçi də 2024-cü ilin yayına kimi İstanbul təmsilçisində forma geyinəcək. Amma onun müqaviləsində satınalma şərti də var.

Can Keleş “Austriya”ın yetirməsidir. Sol cinah vingeri bu klubun əsas komandasında indiyə qədər 53 matça çıxıb, 7 qol və 3 assistlə yadda qalıb. O, Avstriyanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.

“Fatih Karagümrük” öz oyunçularından Kərim Freylə də yollarını ayırıb. 29 yaşlı sol cinah vingeri azad agent kimi “Manisa”ya keçib. O, yeni klubu ilə 2+1 illik müqavilə bağlayıb.

Kərim Frey 2021-ci ilin iyul ayından “Fatih Karagümrük”də forma geyinirdi. O, Super Liqa təmsilçisində 31 oyuna çıxıb və 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi daha öncə “Beşiktaş”, “Başakşəhər”, “Fulhem”, “Emmen”, “Makkabi” (Hayfa), “Birmingem Siti” və “Kardiff Siti” kimi klubların da formasını geyinib. O, Türkiyə milli komandasında da 5 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: