Entso Mareska açıqlaması ilə təəccüb doğurdu

“Çelsi”nin baş məşqçisi Entso Mareska ona ünvanlanmış sual müqabilində verdiyi cavabı ilə ictimai təəccüb doğurub.

Arena.az məlumat verir ki, italyan mütəxəssis “zadəganlar”ın İngiltərə Premyer Liqasının cari mövsüm çempionluq yarışında iştirak edib-etməməsi ilə bağlı sualı iddiasız cavablayıb:

“Biz çempionluq yarışında deyilik. Məncə, yox. Tamamilə dəqiq”, deyə Mareska qətiyyətlə vurğulayıb.

Mareskanın müvafiq mövqeyi futbol ictimaiyyəti arasında birmənalı qarşılanmayıb. Belə ki, bir cəbhə bunu italyan mütəxəssisin ehtiyat tədbiri olaraq qiymətləndirsə də, digər cəbhə Mareskanın özünə və komandasına olan inamsızlığı və iddiasızlığı ilə əlaqələndirib.

Xatırladaq ki, Entso Mareska bu ilin iyul ayından “Çelsi”nin sükanı arxasındadır. İtalyan mütəxəssisin “zadəganlar”la müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Mareskanın rəhbərliyi altında London klubu cari mövsümdə 21 oyun keçirib. “Zadəganlar” bu görüşlərdə 13 qələbə qazanıblar, 4 heç-heçə və 4 məğlubiyyət görüblər.

Premyer Liqanın 13 turundan sonra 25 xalla “Çelsi” yarış cədvəlində 3-cü pillədə qərarlaşıb. “Zadəganlar” 2-ci pillədə qərarlaşmış “Arsenal”la eyni miqdarda xal toplayıblar. İngiltərə Premyer Liqasına 34 xalla “Liverpul” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: