Eren Derdiyok klubsuz qaldı, Pepe İspaniyaya üz tutdu

Türkiyə Super Liqasında mübarizə aparan “Ankaragücü” klubu hücumçusu Eren Derdiyok və yarımmüdafiəçisi Pepe Rodriqeslə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Hər iki futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Onlara xidmətlərinə görə təşəkkür edən Ankara təmsilçisi, gələcək karyeralarında da uğurlar arzulayıb.

Eren Derdiyok 2021-ci ilin avqust ayından “Ankaragücü” klubunda forma geyinirdi. 34 yaşlı futbolçu Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 32 oyunda 10 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb. İsveçrədən olan Türkiyə əsilli futbolçu daha öncə Super Liqada “Kasımpaşa”, “Qalatasaray” və “Göztəpə”nin də uğurları üçün çalışıb. Təcrübəli hücumçu “Old Boys”, “Bazel”, “Bayer”, “Hoffenhaym” və “Paxtakor” kimi klublarda da forma geyinib. O, İsveçrə milli komandasında meydana çıxdığı 60 oyunda 11 qola imza atıb.

Pepe Rodriqes isə Yunanıstanın “Olimpiakos” klubundan 2022-ci ilin avqustunda icarə əsasında Super Liqa təmsilçisinə keçmişdi. Portuqaliyadan olan yarımmüdafiəçi Ankara klubunda cəmi 8 oyuna çıxıb. Hazırda klubsuz olan Eren Derdiyokdan fərqli olaraq, Pepenin yeni iş yeri də məlumdur. O, icarə əsasında İspaniyanın “Kartaxena” klubuna keçib.

Pepe “Benfika”nın yetirməsidir. 2020-ci ildən “Olimpiakos”da olan 25 yaşlı futbolçu, “Eştoril”, “Vitoriya Gimaraynş” və “Famalikan” kimi klubların da formasını geyinib. O, Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamasına rəğmən, əsas millidə debüt şansı qazanmayıb.