Erik ten Haq ağır təqvimlə bağlı futbolçularına güzəştə hazır deyil

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın oyunçularına həddən artıq ağır təqvimlə bağlı güzəştə getmək istəmir.

Arena.az “Daily Mail”ə istinadən məlumat verir ki, holland mütəxəssis futbolçularının daha çox asudə vaxt və istirahət günləri tələblərinə məhəl qoymur.

Mənbənin məlumatına görə, Ten Haq bütün komanda üçün əlavə istirahət günləri tələb edən ən nüfuzlu oyunçuların fikirlərinə qulaq asmır. Həmçinin holland mütəxəssisin dəqiq planlaşdırılmış məşq cədvəli yoxdur. Ten Haq bunu komandanın nəticələrindən asılı olaraq dəyişə bilər, bu da “Mançester Yunayted” oyunçularının asudə vaxtlarını planlaşdırmaq imkanını əlindən alır.

Holland mütəxəssis hesab edir ki, “Mançester Yunayted” kimi səviyyəli klubun futbolçuları məşqdə və oyunlarda yüksək iş qabiliyyəti və tam fədakarlıq nümayiş etdirməli, o cümlədən sağlamlıqlarını riskə atmalıdırlar.

Erik ten Haq “Mançester Yunayted”in 2022-ci ilin iyulundan çalışdırır. 53 yaşlı mütəxəssisin “qırmızı şeytanlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Geridə qalmış 2022/2023 mövsümündə Ten Haq “Mançester Yunayted”ə İngiltərə Liqa Kubokunu qazandırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: