İngiltərənin “Mançester Yunayted” klubu Niderlanddan olan baş məqşçisi Erik ten Haq ilə müqavilənin müddətini uzadıb.
Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, tərəflər arasındakı müqavilənin müddəti daha 1 il artırılıb. Belə ki, “qırmızı şeytanlar”ı daha 2 il niderlandlı mütəxəssis çalışdıracaq.
Xatırladaq ki, Erik ten Haq “Mançester Yunayted”in sükanı arxasına 2022-ci ilin iyulunda “Ayaks”dan keçib. Ten Haqın “Mançester Yunayted”lə əvvəlki müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi. Amma onun bu yay istefaya göndərilməsi və komandanın başqa mütəxəssisə tapşırılması gündəmdə idi.
Ümumilikdə 54 yaşlı mütəxəssis “qırmızı şeytanlar”la bütün yarışlarda 114 oyun keçirib, 68 qələbə, 15-də heç-heçə, 31 məğlubiyyət yaşayıblar. Niderlandlı mütəxəssisin rəhbərliyi altında İngiltərə nəhəngi 207 qol vurub, 156 qol buraxıb.
Geridə qalmış 2023/2024 mövsümünün əksər yarışlarında Ten Haq uğursuzluğa düçar olub. “Mançester Yunayted” UEFA Çempinlar Liqasını qrup sonuncusu olaraq tərk edib, İngiltərə Liqa Kubokunu əldən verib. Premyer Liqada isə 38 oyundan 60 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıblar ki, bu da klub tarixinin ən uğursuz nəticəsi olmaqla yanaşı, heç avrokuboklara da vəsiqə verməyib.
Əvəzində, niderlandlı mütəxəssis özünün “qırmızı şeytanlar”ı ilə birlikdə qarşısına qazanmağı məqsəd qoyduğu İngiltərə Kubokunda qalibiyyətə nail olub. Bu zəfər isə “Mançester Yunayted”ə növbəti, 2024/2025 mövsümündə Avropa Liqasında iştirak hüququ verib.


