“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqanın 19-cu turunda “Aston Villa” ilə oyundakı qələbəsini (3:2) şərh edib.
Arena.az BBC-yə istinadən, holland mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Fasilə zamanı komandaya dedim: “İnanmağa və etdiyimizi etməyə davam edin, amma daha çox yaratmağa çalışın”. Getdikcə daha çox təzyiq göstərməli idik. Hesab 1:2 ikən təzyiqi artırdığımız zaman nə baş verdiyini gördünüz.
Oyundan əvvəl demişdim ki, “Arsenal”la bərabər oynadıq, “Liverpul”la bərabər oynadıq, ona görə də bütün gücümüzü sərf etsək, hər kəsə qalib gələ bilərik.
İnanın ki, 0:2 hesabı ilə uduzsan belə, fərqi yoxdur. Biz eyni ruhda davam etməliyik, xasiyyət göstərməliyik və bu gün uşaqlar göstərdilər ki, həqiqətən də bunun üçün xasiyyətimiz var. Düşünürəm ki, bu, çox yaxşı komanda çıxışı idi”, deyə Erik Ten Haq bildirib.
Xatırladaq ki, oyunun gedişində 0:2 hesabı geridə olan “qırmızı şeytanlar” əzmkar çevrilişlə 3:2 hesablı qələbə qazanıblar.
Premyer Liqanın birinci dövrəsindən, 19 turdan sonra “Mançester Yunayted” 31 xalla 6-cı pillədədir. Birinci dövrədə “qırmızı şeytanlar” 10 qələbə qazanıblar, 8 məğlubiyyət alıblar, 1 oyunda heç-heçə ediblər. Komandanın top fərqi 21:25 nisbətindədir. “Aston Villa” məğlub olmaqla vacib 3 xaldan məhrum olub. Xatırladaq ki, “Aston Vill” çempionluğa oynayır, 19 turdan sonra komanda 39 xalla 3-cü pillədədir. Premyer Liqaya 42 xalla “Liverpul” başçılıq edir. 18 oyun keçirmiş “Arsenal” 40 xalla 2-ci pillədədir və potensial lider statusundadır.


