“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq mətbuatdan öz ünvanına yönəlmiş tənqidlərə mövqeyini açıqlayıb.
Arena.az məşhur italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən məlumat verir ki, niderlandlı mütəxəssis “qırmızı şeytanlar”ın rəhbərliyinin onu istefaya göndərməsinin vacibliyi ilə bağlı səslənən fikirlərə də münasibətini bildirib:
“Mançester Yunayted”ə məşqçi kimi keçdiyim üçün bir an olsun peşman olmamışam. Bu, nəhəng klubdur. Bu klubun qərargahına daxil olana qədər nə qədər çətinliklərlə qarşılaşacağınızı bilmirsiniz, amma mən bu çətinliklərin öhdəsindən gəlmək istədim.
Bəzi şərhlər görürəm ki, artıq məni işdən çıxarmaq vaxtıdır… Bu adamların ya futboldan xəbəri yoxdur, ya da futbol komandasını idarə etməkdən xəbərləri yoxdur… Məncə, “Mançester Yunayted”dəki fəsadı görənlər çoxdur və buna görə mənim işimə səbrlə yanaşırlar”, deyə Ten Haq bildirib.
Erik ten Haq “Mançester Yunayted”in sükanı arxasına 2022-ci ilin iyulunda “Ayaks”dan keçib. Ten Haqın “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Ümumilikdə 54 yaşlı mütəxəssis “qırmızı şeytanlar”la bütün yarışlarda 110 oyun keçirib, 65 qələbə, 15-də heç-heçə, 30 məğlubiyyət yaşayıb. Niderlandlı mütəxəssisin rəhbərliyi altında İngiltərə nəhəngi 200 qol vurub, 152 qol buraxıb.
Erik ten Haq “Mançester Yunayted”ə ötən mövsüm İngiltərə Liqa Kubokunu qazandırıb.
Cari mövsümdə isə niderlandlı mütəxəssis “qırmızı şeytanlar”ı İngiltərə Kubokunun finalına çıxarıb və burada onları əzəli rəqibi “Mançester Siti” gərgin oyun gözləyir. Digər yarışlarda isə Ten Haq uğursuzluğa düçar olub. “Mançester Yunayted” Çempinlar Liqasını qrup sonuncusu olaraq tərk edib, İngiltərə Liqa Kubokunu əldən verib. Premyer Liqada isə 35 oyundan 54 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 8-ci pilləsində qərarlşıblar ki, bu da klub tarixinin ən uğursuz nəticəsi olmaqla yanaşı, heç avrokuboklara da vəsiqə vermir.
Ədalət naminə əlavə edək ki, cari mövsümdə “Mançester Yunayted” dəfələrlə əsas oyunçularının zədə silsiləsi ilə də üzləşib ki, bu da “qırmızı şeytanlar”a öz oyununu tapmağa və sabit çıxış etməyə imkan verməyib.


