Erik ten Haq “Mançester Yunayted”dəki işini yüksək qiymətləndirdi

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə nəhənginin düşərgəsindəki fəaliyyətini qiymətləndirib.

Arena.az “The Times” nəşrinə istinadən məlumat verir ki, niderlandlı mütəxəssis özünü tərifləyib.

Belə ki, o, “qırmızı şeytanlar”la işini yüksək qiymətləndirib:

“Mənim gəlişimə qədər klub altı il idi ki, qənimətlər qazanmırdı. Bu iki mövsümdə biz İngiltərə futbolunda Qvardioladan başqa hamıdan daha çox kubok qazandıq. Beləliklə, biz güclü mövqedəyik”, deyə Ten Haq qətiyyətlə bildirib.

Xatırladaq ki, iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlayıb.

Geridə qalmış 2023/2024-cü illər mövsümünün əksər yarışlarında Ten Haq uğursuzluğa düçar olub. “Mançester Yunayted” UEFA Çempinlar Liqasını qrup sonuncusu olaraq tərk edib, İngiltərə Liqa Kubokunu əldən verib. Premyer Liqada isə 38 oyundan 60 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıblar ki, bu da klub tarixinin ən uğursuz nəticəsi olmaqla yanaşı, heç avrokuboklara da vəsiqə verməyib.

Əvəzində, niderlandlı mütəxəssis özünün “qırmızı şeytanlar”ı ilə birlikdə qarşısına qazanmağı məqsəd qoyduğu İngiltərə Kubokunda qalibiyyətə nail olub. Bu zəfər isə “Mançester Yunayted”ə növbəti, 2024/2025-cü illər mövsümündə Avropa Liqasında iştirak hüququ verib.

Erik ten Haq 2022-ci ilin iyul ayından “Mançester Yunayted”i çalışdırır. Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”ı indiyə qədər 114 oyuna çıxarıb, 68 qələbə, 15 heç-heçə, 31 məğlubiyyət yaşayıb. Topların fərqi isə 207:156 nisbətindədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: