“Mançester Yunayted”in baş məşqçisi, holland mütəxəssis Erik ten Haq klubun yeni həmsahibi INEOS şirkətinin nümayəndələri ilə görüşüb.
Arena.az jurnalist Ben Ceykobsa istinadən məlumat verir ki, Ten Haq xüsusən də INEOS şirkətinin idarə heyətinin sədri, britaniyalı milyarder Cim Retkliflə görüşünün necə keçdiyi barədə danışıb:
“Görüş müsbət keçdi. Uzun görüş oldu, saatlarla danışdıq. Bir çox məsələlərdə fikirlərimiz üst-üstə düşür. Hər şey çox müsbət keçdi. Düşünürəm ki, bu görüş hər iki tərəf üçün çox yaradıcı oldu. Onlar yaxşı fikirlər irəli sürdülər”, deyə holland mütəxəssis razılıqla bildirib.
Xatırladaq ki, daha əvvəl mətbuatda “Mançester Yunayted”in yeni sahiblərinin Ten Haqın ən azı bu mövsümün sonuna qədər komandanın baş məşqçisi kimi qalmasını istəməsi barədə məlumatlar yayılmışdı. Eyni zamanda vurğulanıb ki, komandanın nəticələri yaxşılaşmasa, holland mütəxəssis vaxtından əvvəl istefaya göndərilə bilər.
Erik ten Haq 2022-ci ilin iyulundan “Mançester Yunayted”ə rəhbərlik edir. 53 yaşlı mütəxəssisin “qırmızı şeytanlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Geridə qalmış 2022/2023 mövsümündə Ten Haq “Mançester Yunayted”ə İngiltərə Liqa Kubokunu qazandırıb. Bu mövsüm isə onun komandası qeyri-sabit çıxışı ilə diqqət mərkəzindədir.
Belə ki, 20 turdan sonra “Mançester Yunayted” 31 xalla Premyer Liqanın turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. Premyer Liqaya 45 xalla “Liverpul” başçılıq edir. Ten Haqın yetirmələri UEFA Çempionlar Liqasında da uğursuz çıxış edərək, qrup sonuncusu olublar və cari mövsümdə avrokuboklarla vidalaşıblar.


