Erik ten Haq: “MY ən yaxşı məşqçiyə sahib olduğu qənaətindədir”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq klubla müqaviləsinin müddətini uzatmaq üçün danışıqlar apardığını təsdiqləyib.

Arena.az niderlandlı mütəxəssisin bu barədə dediklərini təqdim edir:

“Mən əslində “Mançester Yunayted”lə yeni müqavilə üzrə danışıqlar aparıram. Bu, asan deyil, biz hələ bu barədə razılaşmalıyıq. Klub mənə Tomas Tuxellə danışıqlar barədə məlumat vermişdimi? Bəli. Amma sonda belə qənaətə gəldilər ki, onların artıq ən yaxşı məşqçisi var”, deyə Ten Haq vurğulayıb.

Xatırladaq ki, Erik ten Haq “Mançester Yunayted”in sükanı arxasına 2022-ci ilin iyulunda “Ayaks”dan keçib. Ten Haqın “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ümumilikdə 54 yaşlı mütəxəssis “qırmızı şeytanlar”la bütün yarışlarda 114 oyun keçirib, 68 qələbə, 15-də heç-heçə, 31 məğlubiyyət yaşayıblar. Niderlandlı mütəxəssisin rəhbərliyi altında İngiltərə nəhəngi 207 qol vurub, 156 qol buraxıb.

Geridə qalmış 2023/2024 mövsümünün əksər yarışlarında Ten Haq uğursuzluğa düçar olub. “Mançester Yunayted” UEFA Çempinlar Liqasını qrup sonuncusu olaraq tərk edib, İngiltərə Liqa Kubokunu əldən verib. Premyer Liqada isə 38 oyundan 60 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıblar ki, bu da klub tarixinin ən uğursuz nəticəsi olmaqla yanaşı, heç avrokuboklara da vəsiqə verməyib.

Əvəzində, niderlandlı mütəxəssis özünün “qırmızı şeytanlar”ı ilə birlikdə qarşısına qazanmağı məqsəd qoyduğu İngiltərə Kubokunda qalibiyyətə nail olub. Bu zəfər isə “Mançester Yunayted”ə növbəti, 2024/2025 mövsümündə Avropa Liqasında iştirak hüququ verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: