“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq klubun növbəti – 2024/2025 mövsümü üçün transfer siyasətindən söhbət açıb.
Arena.az xəbər verir ki, niderlandlı mütəxəssis “qırmızı şeytanlar”ın gələn mövsüm UEFA Çempionlar Liqasında iştirak etməməsinin onların yeni oyunçular almaq imkanlarına mənfi təsir edəcəyinə inanmadığını bildirib.
Ten Haqın bu barədə fikirlərini təqdim edir: “Əlbəttə, ən yüksək səviyyədə oynamaq istəyi var, amma əgər siz “Mançester Yunayted” kimi bir klubun layihəsinin bir hissəsi olmaq istəyirsinizsə, onda əminəm ki, bu, hər bir oyunçu üçün cəlbedici klubdur”, deyə Ten Haq vurğulayıb.
Xatırladaq ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünü 8-ci pillədə başa vurub. Bu, İngiltərə Premyer Liqasının mövcud olduğu 1992-ci ildən bəri “qırmızı şeytanlar”ın tarixən ən bərbad nəticəsidir. 1989/1990-cı illər mövsümündə, hələ İngiltərə çempionatı Premyer Liqa olaraq təsis edilməmişdən öncə “Mançester Yunayted” mövsümü 13-cü pillədə başa vurmuşdu. Göründüyü kimi, “qırmızı şeytanlar” son 34 il ərzində ən uğursuz mövsüm keçiriblər.
Erik ten Haq “Mançester Yunayted”in sükanı arxasına 2022-ci ilin iyulunda “Ayaks”dan keçib. Ten Haqın “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Ümumilikdə 54 yaşlı mütəxəssis “qırmızı şeytanlar”la bütün yarışlarda 113 oyun keçirib, 67 qələbə, 15-də heç-heçə, 31 məğlubiyyət yaşayıb. Niderlandlı mütəxəssisin rəhbərliyi altında İngiltərə nəhəngi 205 qol vurub, 155 qol buraxıb.
Erik ten Haq “Mançester Yunayted”ə 2022/2023 mövsümündə İngiltərə Liqa Kubokunu qazandırıb.


