Erik ten Haq: “Zədəlilər sıraya qayıdanda daha güclü olacağıq”

“Mançester Yunayted”in baş məşqçisi, holland mütəxəssis Erik ten Haq özü üçün sürüşkən məna kəsb edən sualı cavablayıb.

Arena.az məlumat verir ki, söhbət “INEOS” şirkətinin direktorlar şurasına sədrlik edən milyarder Ser Cim Retklifin klubun 25%-lik səhm payını alması mənzərəsində, “qırmızı şeytanlar”ı böhrandan çıxarmaq üçün Erik ten Haqın düzgün məşqçi seçimi olub-olmaması haqda sürüşkən sualdan gedir.

ESPN portalı holland mütəxəssisin fikirlərini belə çatdırıb:

“Əlbəttə ki, onlar (INEOS) məni tanıyırlar və bilirlər ki, bütün zədəli oyunçular mənim üçün əlçatan olduqda, nəticələr olacaq. Artıq yüksək səviyyəli komandalarla oyunlarda sübut etmişik ki, onlarla eyni səviyyədə oynaya bilərik.

Mən əminəm və qəti şəkildə inanıram ki, biz bu komandada irəliləyiş əldə edə, indi əldə etdiyimizdən daha böyük sabitliyə nail ola bilərik. Bu, layihənin bir hissəsidir.

Keçən il əla nəticələr göstərdik. Bu il biz hələ də geridəyik. Daha yaxşı işləməliyik. Biz addım atmalıyıq və mən prosesə rəhbərlik etməliyəm.

Bilirəm ki, zədəli oyunçular qayıdanda bu komanda daha güclü olacaq”, – deyə Erik ten Haq bildirib.

Vurğulayaq ki, “Mançester Yunayted” tarixinin ən bərbad dövrünü yaşayır. Həmçinin “qırmızı şeytanlar” cari mövsüm UEFA Çempionlar Liqasının qrup mərhələsini belə, adlaya bilməyiblər. Premyer Liqada isə Erik ten Haqın yetirmələri 20 oyundan 31 xalla 7-ci pillədə yer alıblar. Premyer Liqaya 19 oyunda 42 xala “Liverpul” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: