Erlinq Haland yeni rekorda imza atdı, “kabus”a son qoydu

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bayern”lə ilk oyunu “Mançester Siti”nin hücumçusu Erlinq Haland üçün əlamətdar olub. Arena.az xəbər verir ki, norveçli forvard komandasının 3:0 hesablı qələbəsinə bir qol və bir məhsuldar ötürmə ilə töhfə verib.

70-ci dəqiqədə Bernardo Silvanın vurduğu qol zamanı assist müəllifi olan Haland, 76-da da özü fərqlənib. Bununla da o, tarixi bir ilkə imza atıb. Belə ki, ulduz futbolçu cari mövsümdə bütün turnirlər çərçivəsində vurduğu qolların sayını 45-ə çatdırıb. Bu, İngiltərə Premyer Liqasında rekord göstəricidir. Ona qədər Premyer Liqanın heç bir təmsilçisinin futbolçusu bir mövsümdə bu qədər qola imza atmayıb.

Halanddan əvvəlki rekord Ruud van Nistelroy (“Mançester Yunayted”) və Məhəmməd Salaha (“Liverpul”) məxsus idi. Onların hər ikisi vaxtilə bir mövsümdə 44 qola imza atıblar:

E.Haaland (2022/2023 mövsümü) – 45 qol
R.V.Nistelroy (2002/2003) – 44 qol
M.Salah (2017/2018) – 44 qol

Halandın UEFA Çempionlar Liqasındakı göstəricisi də gözoxşayandır – 26 oyunda 34 qol. Hazırda qitənin ən nüfuzlu klub turnirinin bombardiri olan Kristiano Ronaldo belə, ilk 26 oyununda bu qədər qol vura bilməmişdi.

Maraq üçün onu da qeyd edək ki, Haland bu mövsüm hələ ən azı 11 oyunun iştirakçısı ola bilər. Bu isə onun indiki göstəricilərini daha da yaxılaşdırmaq üçün əla fürsətə malik olması anlamına gəlir. Bir sözlə, ulduz futbolçu böyük ehtimalla, qollarının davamını gətirərək bu mövsüm imza atdığı rekordları daha da əlçatmaza çevirəcək.

Halandın “Bayern” kabusu”na son!

Haland həm də “Bayern”ə qarşı keçirdiyi oyunlarda uğursuz seriyaya son qoyub. O, Dortmund “Borussiya”sının heyətində Münhen təmsilçisinə qarşı meydana çıxdığı əvvəlki 7 matçın hamısında uduzmuşdu. Norveçli oyunçu nəhayət, “intiqamı”nı 8-ci oyunda, amma “Mançester Siti”nin heyətində aldı.

Erlinq Haland “Mançester Siti”yə bu mövsümün əvvəlində – 2022-ci ilin yayında Almaniyanın “Borussiya” (Dortmund) klubundan 60 milyon avro qarşılığında keçib. O, bu komandanın heyətində bütün turnirlər çərçivəsində meydana çıxdığı 39 oyunda 45 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. Ulduz futbolçunun digər klublardakı statistikası isə belədir: “Borussiya” (89 oyun, 86 qol, 23 assist), “Molde” (50 oyun, 20 qol, 6 assist), “Zalsburq” (27 oyun, 29 qol, 7 assist), “Bryune” (16 oyun). Haland Norveç yığmasında da meydana çıxdığı 23 oyunda 21 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: