İngiltərə milli komandasının sabiq müdafiəçisi Eşli Yanq son iki mövsümdə formasını geyindiyi “Aston Villa” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
37 yaşlı futbolçu ilə klub arasındakı müqavilənin müddəti iyunun 30-da başa çatacaq. Tərəflər yeni müqavilə bağlamağa ehtiyac duymayıblar. “Aston Villa” təcrübəli oyunçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Eşli Yanq 2021-ci ilin iyun ayından “Aston Villa”da çıxış edirdi. Müdafiəçi 2007-2011-ci illər aralığında da bu klubun formasını geyinib. O, Birmingem təmsilçisində ümumilikdə 247 matça çıxıb, 38 qol vurub, 60 məhsuldar ötürmə ilə yadda qalıb.
Yanq ölkəsində “Uotford” (110 oyun, 22 qol, 9 asist) və “Mançester Yunayted” (261 oyun, 19 qol, 43 assist) klublarının da uğurları üçün çalışıb. Ulduz futbolçu məhz “qırmızı şeytanlar”ın formasını geyindiyi dönəmdə daha çox parlayıb. 2020/21 mövsümündə isə Yanq İtaliyanın “İnter” klubunda legioner həyatı yaşayıb – 59 oyun, 5 qol, 9 asist.
Müdafiəçi İngiltərə millisinin forması ilə meydana çıxdığı 39 matçda 7 qol vurub. Böyük ehtimalla müdafiəçi bu yay karyerasını bitirəcək.
Yeri gəlmişkən, “Aston Villa” qapıçısı Ced Stirlə də yollarını ayırıb. 30 yaşlı ingilis qolkiperlə də müddəti bitən müqavilə yenilənməyib. O, 2013-cü ildən bu klubda olsa da, əsas heyət üzvünə çevrilə bilməyib. Bu üzdən də “Donkaster Rovers”, “Yovil Taun”, “Haddersfild Taun”, “Çarlton Atletik” və “Luton Taun” kimi klublarda icarədə oynamaq məcburiyyətində qalıb. Stir “Aston Villa”da keçirdiyi 36 oyunda 37 qol buraxıb, 10 oyunda qapısını toxunulmaz saxlayıb. O, daha öncə yetirməsi olduğu “Norviç Siti”, həmçinin “Kembric Yunayted” klublarında da oynayıb, İngiltərənin U-16, U-17 və U-19 yığmalarının formasını geyinib.