“Fənərbaxça” sabiq baş məşqçisi ilə anlaşdı

Türkiyənin “Fənərbaxça” komandasının yeni baş məşqçisi bəlli olub. Arena.az xəbər verir ki, İstanbul təmsilçisini bundan sonra Vitor Pereyra çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Portuqaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, “Fənərbaxça”da bu ilin mart ayında baş məşqçi Erol Bulut istefaya göndəriləndən sonra komanda Emre Belözoğluna tapşırılmışdı. Belözoğlu ilə də ötən ayın əvvəlində yollar ayrılmışdı.

Qeyd edək ki, Vitor Pereyra 2015/16 mövsümündə də İstanbul təmsilçisini çalışdırıb. Komanda həmin mövsümdə 52 yaşlı mütəxəssisin rəhbərliyi altında 22 qələbə qazanıb. İstanbul təmsilçisi digər oyunlardakı 8 heç-heçə və 4 məğlubiyyətin ardından 74 xalla çempion “Beşiktaş”dan 5 xal geri qalmış və ikinci yeri tutmuşdu.

Pereyranın son klubu Çin Super Liqasında mübarizə aparan “Şanxay Port” olub. 2017-2020-ci illər aralığında bu komandaya rəhbərlik etmiş mütəxəssis, ilk mövsümündəcə Çin çempionu olub. O, bu komandaya bir dəfə də Çin kubokunu qazandırıb. Bütövükdə 8 titulu olan Pereyranın çalışdırdığı komandalar arasında “1860 Münhen”, “Olimpiakos”, “Əl Əhli” və “Portu” da var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: