Azərbaycan Premyer Liqasında mübarizə aparan “Səbail” klubunun icraçı direktoru Fərəc Əliyev istefa verdiyini açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu gün “Səbail” Futbol Klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib. İcraçı direktor Fərəc Əliyev və baş məşqçi Şahin Diniyevin də iştirak etdiyi iclasda əsas komandanın növbəti mövsümə hazırlıqla bağlı planları müzakirə olunub, görülmüş işlər barədə fikir mübadiləsi aparılıb. İcraçı direktor ötən mövsüm “Səbail”in bir o qədər də uğurlu çıxış etməməsini əsas gətirərək tutduğu vəzifədən istefa verdiyini bildirib. Müşahidə Şurası istefanı qəbul edib.
Klubun yeni icraçı direktorunun təyinatına qədər qeyd olunan vəzifənin icrasının müvəqqəti olaraq Fərəc Əliyev tərəfindən həyata keçirilməsi ilə bağlı qarşılıqlı razılıq əldə olunub.
Xatırladaq ki, “Səbail” 2022/2023 mövsümündə elitadakı yerini son turda “Şamaxı” üzərindəki qələbə ilə təmin edib.


