Fabian Şer daha bir mövsüm “Nyukasl”da qalacaq

Futbol üzrə İsveçrə milli komandasının və “Nyukasl”ın mərkəz müdafiəçisi Fabian Şer İngiltərə klubu ilə müqaviləsini yeniləyib.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

33 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulmuş sözləşmə imzalanıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu mövsümün sonuna kimi idi.

Xatırladaq ki, Fabian Şer 2018-ci ilin iyul ayından “Nyukasl”da oynayır. Təcrübəli müdafiəçi cari mövsümdə 33 oyuna çıxıb, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, bu komandanın heyətində bütövlükdə 221 oyuna çıxıb, 19 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.

Fabian Şer karyerası ərzində “Bazel”, “Vil”, “Hoffenhaym”, “Deportivo” kimi klubların da şərəfini qoruyub.

Şer 2013-cü ilin avqust ayında debüt etdiyi İsveçrə milli komandasının heyətində 86 oyuna çıxıb, 8 qola imza atıb, 9 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı müdafiəçinin transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: